ABŞ-yə hərbi baza verilməsi İrana hücuma iştirak kimi sayılır- İran
Abbas Əraqçi İngiltərənin ABŞ-yə hərbi baza təmin etməsini tənqid edərək, bu addımı “İrana qarşı hücuma iştirak” kimi qiymətləndirəcəklərini və “ölkənin suverenliyini və müstəqilliyini müdafiə etmək hüququnu saxladıqlarını” bildirib.
Abbas Əraqçi ingilis həmkarı Yvette Cooper ilə telefonla danışaraq ABŞ-İsrail hücumlarını və bölgədəki son hadisələri müzakirə edib.
Görüşdə Əraqçi ölkəsinin danışıqlar masasında olduğu vaxt ikinci dəfə hərbi hücuma məruz qaldığını bildirib və belə deyib:
“Amerika Birləşmiş Ştatları və İsrail rejimi bütün beynəlxalq prinsip və qaydalara zidd olaraq ölkəmizə hücum etdi. Qorxaq şəkildə liderimizi, bəzi yüksək vəzifəli şəxslərimizi və 170-dən çox ibtidai məktəb şagirdinin də olduğu çox sayda günahsız insanı şəhid etdilər”.
Əraqçi ABŞ-İsrail hücumlarına qarşı İranın müdafiə tədbirlərini britaniyalı həmkarına çatdıraraq, İngiltərə və bəzi Avropa ölkələrinin bu açıq aqressiyaya qarşı “mənfi və tərəfli yanaşmasını” tənqid edib və bunun beynəlxalq hüququ pozduğunu vurğulayıb.
İranlı nazir BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən İranın özünümüdafiə hüququ olduğunu xatırladaraq, qonşu ölkələrin suverenliyinə hörmət etdiklərini, lakin bəzi ölkələrdə yerləşən ABŞ bazalarından İrana hücumların həyata keçirildiyini bildirib.
O, bölgədə təhlükəsizliyin yalnız hücumların dayanması ilə mümkün olacağını, müharibənin bitməsinin isə “oxşar hücumların təkrarlanmamasına dair təminatlarla” mümkün olduğunu qeyd edib.
Əraqçi həmçinin İngiltərənin ABŞ-yə hərbi baza verməsi ilə bağlı etirazını da çatdıraraq, bu addımların “mütləq şəkildə hücuma iştirak kimi qiymətləndiriləcəyini və iki ölkə münasibətləri tarixində yer alacağını” bildirib.
Sonda o, britaniyalı rəsmilərdən ABŞ-İsrail ilə hərbi və media sahəsində hər hansı əməkdaşlıqdan çəkinmələrini istəyib.
TRT XƏBƏR
Lalə Qurbanlı