00:00:00
Yazar
Nərmin Həşimova
28.09.2026 15:51 90 2 dəq oxuma
Sosial

Açıq qida, gizli təhlükə: Nələrə diqqət etməliyik?

Açıq qida, gizli təhlükə: Nələrə diqqət etməliyik?

Açıq halda satılan qida məhsullarının təhlükəsizliyi onların istehsaldan istehlaka qədər hansı şəraitdə saxlanılmasından və qorunmasından asılıdır. Qablaşdırılmadan və lazımi nəzarət olmadan satışa çıxarılan məhsullarda mikrobioloji, kimyəvi və fiziki çirklənmə riski daha yüksək ola bilər.


Mövzu ilə bağlı “İnformator.az" a açıqlamasında 
qida mühəndisi, nutrisioloq Fərid Səfərov bildirib ki, açıq satılan qidalarda əsas risk məhsulların müxtəlif mikroorqanizmlərlə çirklənməsidir:


“Əsas risklər qida zəhərlənmələrinə səbəb ola bilən Salmonella, Escherichia coli, Staphylococcus aureus və digər patogenlərlə çirklənmədir. Temperaturun düzgün saxlanılmaması bakteriyaların sürətlə çoxalmasına səbəb ola bilər. Toz, həşəratlar və yad cisimlər də qidaya keçərək sağlamlıq üçün risk yarada bilər. Xüsusilə ət, balıq, süd məhsulları, hazır salatlar və kremli məhsullarda bu risk daha yüksəkdir. Açıq qidaların çirklənməsinə həm ətraf mühit, həm də məhsulla təmas edən insanlar və istifadə olunan avadanlıqlar səbəb ola bilər. Çirklənmə toz və çirk, həşəratların təması, satıcının və ya alıcının çirkli əlləri, həmçinin bıçaq, maşa və digər avadanlıqların düzgün təmizlənməməsi nəticəsində baş verə bilər. Çiy ət və balıqla hazır qidaların eyni səthdə və ya eyni alətlərlə təması da çarpaz çirklənməyə səbəb olur”.


Ekspert qeyd edib ki, qidaların saxlanma şəraiti də onların təhlükəsizliyində mühüm rol oynayır:


“Xüsusilə tez xarab olan məhsulların uyğun temperaturda saxlanılmaması qida zəhərlənməsi riskini artıra bilər. Soyuducuda saxlanmalı məhsullar uyğun temperaturda qorunmadıqda bakteriyalar sürətlə çoxala bilər. Açıq məhsulların günəş altında və ya isti mühitdə saxlanması həm xarab olmanı sürətləndirir, həm də qida zəhərlənməsi riskini artırır. Buna görə tez xarab olan məhsullar soyuq zəncirə riayət edilməklə saxlanmalıdır. Məhsulun saxlanma şəraiti, satıcının gigiyenası və qidanın görünüşü əsas diqqət yetirilməli məqamlardandır. İstehlakçı məhsulun harada və hansı şəraitdə saxlanıldığına, üzərinin qorunub-qorunmadığına, satıcının şəxsi gigiyenasına və istifadə olunan alətlərin təmizliyinə diqqət etməlidir. Məhsulun görünüşündə, qoxusunda, rəngində və teksturasında şübhəli dəyişiklik varsa, onu almaq və istehlak etmək düzgün deyil”.


Mütəxəssis qablaşdırılmış qidaların alınması zamanı da istehlakçıların diqqətli olmasının vacibliyini vurğulayıb:


“Qablaşdırılmış məhsullarda istehsal və son istifadə tarixi, saxlanma şərtləri, tərkib və allergen məlumatları yoxlanılmalıdır. Qablaşdırmanın şişməsi, cırılması və ya sızması kimi hallar varsa, həmin məhsuldan imtina etmək daha təhlükəsizdir”.


Güllüzar Nəbili

#qida #açıq #təhlükə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər