“ ‘Açıq söz’ qəzetində Məmməd Əmin Rəsulzadənin publisistikasında dövlətçiliyin təbliği” açıq dərsi
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində “Açıq söz” qəzetində Məmməd Əmin Rəsulzadənin publisistikasında dövlətçiliyin təbliği mövzusunda açıq dərs keçirildi.
Mətbuat tarixi kafedrasının müəllimi Qərənfil Dünyaminqızı keçirdiyi dərsdə kafedranın müdiri, professor Cahangir Məmmədli və kafedranın digər müəllimləri iştirak etdilər.
Açıq dərsdə Məmməd Əmin Rəsulzadənin publisistik irsi, onun milli mətbuat tarixində yeri və Azərbaycan dövlətçilik ideyasının formalaşmasında mətbuatın rolu ətrafında müzakirələr aparıldı. “Açıq söz” qəzetinin milli özünüdərk düşüncəsinin inkişafında, istiqlal ideyalarının yayılmasında və milli maraqların müdafiəsində rolu diqqətə çatdırıldı.
Dərs zamanı Rəsulzadənin publisistik fəaliyyətinin əsas istiqamətləri, yazılarında milli birlik, azadlıq, müstəqillik və milli kimlik məsələlərinin əksi, eləcə də mətbuatın ictimai-siyasi proseslərə təsiri mövzularına toxunuldu. Həmçinin dövrün tarixi-siyasi şəraiti fonunda qəzetin qarşıya qoyduğu məqsədlər və milli dövlətçilik düşüncəsinin təbliğində publisistik mətnlərin əhəmiyyəti müzakirə edildi.
İnteraktiv formatda təşkil olunan dərsdə tələbələr də müzakirələrə qoşularaq mövzu ilə bağlı fikirlərini bölüşüb və suallar səsləndirdilər. Bu yanaşma tələbələrin Azərbaycan mətbuat tarixinin mühüm mərhələləri, Məmməd Əmin Rəsulzadənin publisistik irsi və milli dövlətçilik ideyalarının mətbuatda təbliği barədə biliklərinin dərinləşdirilməsinə xidmət etdi.