Acunun klubu 10 il sonra Premyer Liqaya yüksəlib
İngiltərə Çempionatının pley-off finalında “Hall Siti” “Midlsbro”nu məğlub edərək Premyer Liqaya vəsiqə qazanıb.
“İnformator.az” xəbər verir ki, “Uembli” stadionunda keçirilən həlledici qarşılaşmada Acun Ilıcalının sahibi olduğu “Hall Siti” rəqibini 1:0 hesabı ilə üstələyib.
Matçın yeganə qolu 90+5-ci dəqiqədə vurulub.
Bu nəticə ilə “Hall Siti” 10 ildən sonra yenidən İngiltərə Premyer Liqasına qayıdıb.
Mövsüm ərzində uğurlu çıxışı ilə diqqət çəkən komanda pley-off finalındakı qələbə sayəsində həm də böyük maliyyə gəliri əldə edəcək. İngiltərə mətbuatının məlumatına görə, klub Premyer Liqaya yüksəlməklə təxminən 300 milyon avro gəlir qazanacaq.
Qarşılaşmadan əvvəl açıqlama verən Acun Ilıcalı tarixi oyun öncəsi böyük həyəcan yaşadığını bildirib: “Çox qürurluyam, çox xoşbəxtəm. Eyni anda bir neçə fərqli hiss keçirirəm. Amma ümumilikdə komandamızla fəxr edirəm. Möcüzəyə bir addım qaldı”.
Qeyd edək ki, pley-off finalında “Hall Siti”nin əvvəlki potensial rəqiblərindən olan “Sauthempton” İngiltərə Futbol Liqası tərəfindən qayda pozuntusuna görə turnirdən kənarlaşdırılmışdı. Klubun digər komandaların məşqlərini gizli şəkildə lentə aldığı bildirilmişdi.