Addai və Haalandın qolu ən yaxşıya namizəddir
“Düzü, həmin həftə vurulan qollar arasında Addainin ən yaxşı seçiləcəyinə inanmıram. Çünki əhəmiyyət baxımından önəmli qol olsa da, gözəlliyi baxımından o qədər də təsirli sayılmır. Məncə bu nominasiyada başqası birinci yeri tutacaq”.
Bu sözləri veteran futbolçu Aslan Kərimov "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, Azərbaycan klubları üçün qolun gözəlliyi o qədər də önəm daşımır, əsas məsələ qələbədir:
“Yaxşı oyun nümayiş etdirirsənsə, istər-istəməz həmin yerlərdə seçilirsən. Bəlkə də seçilərkən qələbələrin təsadüf olmadığını bir növ sübut etmiş olursan, amma böyük mənada elə də vacib deyil. “Qarabağ”ın son illərdə avrokuboklarda qazandığı fərdi mükafatlar və qələbələr klubun imicinə müsbət təsir göstərir. Bu yerlərdə olmaq təsadüfi olmadığının göstəricisidir. Onsuz da gözəl qol vurmasan belə, oyunu qələbə ilə bitirsən, mükafat almasan da, nəticə klubun imicini yuxarı qaldırır. Açığı, ümumi qollar arasında Haalandın başla vurduğu qol daha çətin idi, nəinki Addainin qolu. Orada əslində qapıçının da səhvi var idi. Buna görə mən həmin qolu ən gözəl adlandırmazdım. Real olaraq da düşünürəm ki, ən yaxşı qol seçilmək şansı çox azdır, hətta məncə ümumiyyətlə seçilməyəcək”.
Zəhra Möhübbətova
