ADR-in dövlət xadimlərinin oxuduğu Minkənd məktəbində görüş
“İstər qəbul imtahanlarında, istərsə də digər göstəricilərdə Laçın rayonu təhsil sahəsində daima yüksək nəticələr göstərib və bu inkişaf yüksələn xətt üzrə inkişaf etməkdədir”.
Bu fikirləri Laçın rayonunundan millət vəkili seçilən Mahir Abbaszadə şəhid Bayram Məmmədovun adını daşıyan Minkənd kənd orta məktəbinin kollektivi ilə görüş zamanı deyib. Millət vəkili bildirib ki, bu gün dövlətimizdə təhsilin inkişafına göstərilən yüksək diqqət həm də Azərbaycanın dünya miqyasında tanıdılmasına, öz layiqli yerini tutmasına xidmət edir. Bu məqsədyönlü siyasətin nəticəsidir ki, hazırda Azərbaycan öz inkişafını, sadəcə, təbii sərvətlərin gətirdiyi gəlirlərə bağlamır, eləcə də mövcud resurslarını güclü insan kapitalının formalaşdırılması yönümündə qurur: ”Cənab Prezidentin həyata keçirdiyi məqsədyönlü və ardıcıl tədbirlər nəticəsində Azərbaycanda sosial-iqtisadi inkişafla yanaşı, elmi intellektual tərəqqiyə nail olunub. Dövlət büdcəsindən təhsilə ayrılan xərclərin ilbəil artırılması bu sahənin keyfiyyətcə yenilənməsi üçün ardıcıl və sistemli tədbirlərin həyata keçirilməsinə imkan verir. Ötən müddətdə təhsil sahəsində çalışanların əməkhaqlarının əhəmiyyətli dərəcədə artırılması da bu sahəyə xüsusi qayğının təzahürüdür”.
Millət vəkili bu məktəbin 1890-cı ildən fəalliyyətə başladığını və böyük təcrübəyə malik olmaqla yanaşı, həm də böyük ziyalılar yetişdirdiyini xatırladıb. Vaxtıyla Minkənd məktəbində təhsil alan Azərbaycan Xalq Cümhuriyyəti dövrünün dövlət xadimlərindən, Bakı Dövlət Universitetinin təsis olunmasının ilk təşəbbüskarlarından biri, respublika ümumtəhsil və orta ixtisas, ali pedaqoji kadrların yetişdirilməsində, Azərbaycan məktəblərində rus dilinin tədrisi prinsiplərinin hazırlanmasında xidmətləri olan Nurməmməd bəy Şahsuvarovun, Azərbaycan Demokratik Respublikasının göndərişi ilə Almaniyada təhsil alaraq bir müddət Hanburq Tropik Xəstəliklər İnstitutunda işləyən, orada elmlər doktoru, professor elmi dərəcəsi alan, Azərbaycanda tibbi kadrların hazırlanmasında xüsusi xidmətləri olan Mürsəl bəy Şahsuvarovun və digərlərinin adını çəkib. Görüşdə Minkənd kənd orta məktəbinin müəllimlərindən İlqar Şahverdiyev, Varaşil Məmmədov və başqları çıxış edərək səmimi görüş üçün minnətdarlıqlarını bildiriblər. Sonra Mahir Abbaszadə məktəbin kollektivinə notbuk və printer hədiyyə edib. Şagirdlərlə səmimi söhbət edən millət vəkili 2-ci sinif şagirdlərinin əl işlərini qiymətləndirərək onlara məktəb ləvazimatları hədiyyə edib. Yuxuarı sinif şagirdləri ilə söhbətində millət vəkili hər bir gəncin Azərbaycanın gələcəyi olduğunu deyib. Onu da qeyd edib ki, laçınlı gənclərin seçdiyi ixtisas üzrə yaxşı bilik almaq, peşə öyrənmək, ölkə və xalq üçün faydalı olmaq ən vacib amillərdəndir. Millət vəkili deyib ki, Pezident İlham Əliyevin “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı haqqında” sərəncamı bu sahədə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindəndir. Laçın Rayon təhsil şöbəsinin müdiri Malik Vəliyev də Milli Məclisə seçildikdən sonra ilk olaraq təhsil işçiləri ilə görüşdüyünə görə millət vəkilinə təşəkkür edib və bildirib ki, bu cür diqqət və qayğı müəllim və şagirdlərin işində böyük təkan olacaq, onlara bir stimul verəcək.
Karabahkmedia.az
