ADY Bakı-Tbilisi-Bakı marşrutu üzrə onlayn bilet alışında yeni qaydalar tətbiq edir
Azərbaycan Dəmir Yolları (ADY) Bakı-Tbilisi-Bakı marşrutu üzrə onlayn bilet alışında yeni verifikasiya qaydaları tətbiq edib. Yenilik sərnişin məlumatlarının daha dəqiq təsdiqlənməsi, bilet alışının təhlükəsizliyinin artırılması və mümkün sui-istifadə hallarının qarşısının alınması məqsədi daşıyır.
ADY-nin mətbuat katibi Bəxtiyar Hacıyev İnformator.az-a bildirib ki, qurumun veb-saytında və “ADY Mobile” tətbiqində qeydiyyatdan keçmiş sərnişinlər şəxsi kabinetlərini verifikasiya etməlidirlər:
“Bunun üçün müvafiq bölməyə FİN kodu daxil edilir və zəruri məlumatlar sistemdə avtomatik əks olunur. Beləliklə, sərnişinin məlumatları əl ilə daxil etməsinə ehtiyac qalmır və yanlış məlumat qeyd edilməsi ehtimalı azalır. Hesabın identifikasiya sistemi ilə təsdiqlənməsi isə biletin konkret şəxsin adına rəsmiləşdirilməsini dəqiqləşdirir, başqa şəxsin adından və ya saxta məlumatlarla bilet alınması hallarının qarşısının alınmasına kömək edir. Xarici ölkə vətəndaşları isə verifikasiya zamanı vətəndaşı olduqları ölkənin adını və həmin ölkəyə aid telefon nömrəsini daxil etməlidirlər. Telefon nömrəsi SMS vasitəsilə göndərilən OTP kodu ilə təsdiqləndikdən sonra şəxsi məlumatlarda dəyişiklik etmək mümkün olacaq. Daha əvvəl qeydiyyatdan keçmiş istifadəçilər də bilet almaq üçün telefon nömrələrini OTP vasitəsilə təsdiqləməlidirlər. ADY-dən bildirilib ki, texniki problemlə qarşılaşan sərnişinlər 24/7 fəaliyyət göstərən Əlaqə mərkəzinə müraciət edə və ya biletləri dəmiryol kassalarından əldə edə bilərlər”.
Fatimə Hüseynova