AFFA “Kəpəz”i 9 500 manat cərimələyib
AFFA İntizam Komitəsi “Kəpəz” – “Turan Tovuz” oyunundan sonra baş verən qayda pozuntularına görə “Kəpəz” klubuna cəmi 9 500 manat cərimə tətbiq edib. Qərara əsasən, meydançaya kənar şəxslərin daxil olması və azarkeşlərin hakimləri kütləvi şəkildə təhqir etməsi əsas səbəblər olub.
Mövzu ilə bağlı idman eksperti Ceyhun Rzayev “İnformator.az”a açıqlamasında bildirib ki, 9500 manatlıq cərmənin 2500 manatı oyundan sonra kənar şəxsin meydana daxil olmasına görə verilib:
“Qalan 7000 manat isə azarkeşlərin kütləvi şəkildə hakimləri təhqir etməsi ilə bağlıdır. Bu hal artıq üçüncü dəfədir baş verir və məbləğin artmasının səbəbi də budur. Üçüncü dəfə təkrarlandığına görə cərmə 7000 manata çatıb. Bu isə onu göstərir ki, klub bu halların qarşısını ala bilmir. Əgər üçüncü dəfə baş veribsə, deməli, dördüncü, beşinci, hətta onuncu dəfə də baş verə bilər. Azarkeşlərin davranışına görə klubların cəzalandırılması, əslində, bir qədər mübahisəli məsələdir. Çünki doğrudan da, klub birbaşa azarkeşləri yönləndirmir ki, hakimi təhqir etsinlər və ya qayda pozuntusu etsinlər. Amma bu, beynəlxalq praktika ilə uzlaşan bir yanaşmadır. Klub ev sahibi olduğu oyunda stadiondakı qayda-qanuna, təhlükəsizliyə və ümumi nizam-intizama görə məsuliyyət daşıyır. Yəni bu cür halların qarşısının alınması üçün klubun mühafizə xidməti, fanatlarla işi, maarifləndirici tədbirlər görməsi gözlənilir. Yoxsa təkrar pozuntular davam edərsə, bu həm cərimələrlə, həm də daha ağır sanksiyalarla nəticələnə bilər -texniki məğlubiyyət, azarkeşsiz oyun və s. Bəli, bu cür hallar- azarkeşlərin emosionallığı, hətta bəzən qayda pozuntuları -futbolda dünyanın hər yerində rast gəlinən situasiyalardır. Bu oyunun emosional tərəfinin təzahürüdür və futbola olan böyük marağın göstəricisidir. Ancaq eyni zamanda, bu davranışların nəzarətdə saxlanması vacibdir, çünki davamlı hal alarsa, klubun nüfuzuna, təhlükəsizlik tədbirlərinə və ümumi oyun atmosferinə mənfi təsir göstərə bilər. Yəni futbolun "tərkib hissəsi" olsa da, müəyyən bir çərçivədə qalması vacibdir”.
Mələk Hüseynova
