00:00:00
Yazar
Elmira Ağayeva
01.07.2026 17:31 17 2 dəq oxuma
Siyasət

Ağ Ev: "ABŞ-nin İrana qarşı hərbi əməliyyatı 30 milyard dollara başa gəlib"

Ağ Ev: "ABŞ-nin İrana qarşı hərbi əməliyyatı 30 milyard dollara başa gəlib"

 

Ağ Evin məlumatına görə, ABŞ-nin İrana qarşı keçirdiyi hərbi əməliyyatın ümumi dəyəri təxminən 30 milyard dollar olub. Bu barədə Konqresdə çıxış edən İdarəetmə və Büdcə Ofisinin direktoru Rassel Vout bildirib və xərclərin 100 milyard dolları keçdiyi iddialarını təkzib edib.

 

Mövzu ilə bağlı Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı “İnformator.az”a açıqlamasında bildirib ki, Vaşinqton regiondakı müxtəlif münaqişələri ayrı-ayrı deyil, vahid təhlükəsizlik sistemi daxilində həll etməyə çalışdığı mesajını verir:

 

“Belə yanaşma İranın regional təsir imkanlarının məhdudlaşdırılması, İsrailin təhlükəsizlik narahatlıqlarının azaldılması kimi məqsədləri bir paket halında nəzərdən keçirməyə hesablanmış ola bilər.Digər tərəfdən, bu strategiyanın uğuru birbaşa İranın mövqeyindən asılı olacaq. Tehran nüvə proqramı, regional silahlı qruplarla əlaqələri və təhlükəsizlik siyasəti üzrə ciddi güzəştlərə hazır olmazsa, danışıqların yenidən səngiməsi ehtimalı qalacaq.Yaxın Şərqdə son illər baş verən hadisələr göstərir ki, hərbi qarşıdurmaların yaratdığı yeni reallıq diplomatik masada da öz əksini tapmağa başlayıb. Qəzza müharibəsi, İran-İsrail gərginliyi və Livanın təhlükəsizlik problemləri region dövlətlərini yeni formatlar axtarmağa məcbur edir. ABŞ isə bu prosesdə həm təhlükəsizlik təminatçısı, həm də əsas siyasi vasitəçi rolunu qorumağa çalışır. Prezident Donald Tramp isə amerikalılara qalib gəldiklərini söyləyir, lakin mövcud xərclər tamamilə fərqli faktlardan xəbər verir. Bölgədə 13 amerikalı hərbçinin və 7 min 500-dən çox mülki şəxsin həyatını itirdiyi, 100 gündən artıq davam edən qarşıdurmadan sonra nələrin dəyişdiyinə dair obyektiv təhlillər Trampın bəyanatlarından fərqli mənzərəni üzə çıxarır. Müharibənin ilk 100 saatı 3,7 milyard dollara, 12-ci günündə isə ümumi xərc 16,5 milyard dollara çatıb. Bunlar kifayət qədər ciddi rəqəmlərdi və ABŞ iqtisadiyyatına təsirsiz ötüşməyəcək.Bütün bu iqtisadi və hərbi gərginliklər fonunda Donald Trampın xalq arasındakı reytinqi də aşağı düşməkdə davam edir”.

 

Deputatın sözlərinə görə, ABŞ İranı tam nəzarətə götürmək istəyib:

 

“Eyni zamanda, İrandakı siyasi rejimi özünə uyğun hala gətirmək və adıçəkilən ölkənin neft-qaz ehtiyatlarına nəzarət etməyi hədəfləyib. İran isə nüvə tədqiqatlarını davam etdirmək, nüvə dövlətinə çevrilmək, neft-qaz ilə bağlı sanksiyalardan xilas olmaq və dondurulmuş aktivlərinin bərpasına çalışıb. İndiki vəziyyətdə isə tərəflər hədəflərinə yaxınlaşmayıblar. Ancaq kəşfiyyat xarakterli savaş davam edir. Bir-birinin qüvvələrini yoxlayır və vaxtaşırı zərbə vururlar.Amerikanın müttəfiqi olan İsraili də nəzərə almaq lazımdır. Hansı ki, ABŞ daxilində və yaxud İsraildə bu müharibənin gedişatı ilə fərqli mövqe var. Eyni zamanda İranın daxilində də fərqli mövqelərin olduğu görünür. Orada isə zaman-zaman SEPAH, parlament və prezident arasında vahid mövqeyin olmadığı müşahidə olunur. Yəni bütün bunlar hərbi əməliyyatların yenidən başlama ehtimallarını artırır”.

 

Mələk Hüseynova

#ABŞ #İran #İsrail
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər