Ağcabədinin Xocavənd kəndinin sakinləri içməli su sarıdan korluq çəkir
Ağcabədinin Xocavənd kəndinin böyük bir hissəsində içməli su artezianları olmadığından kənd sakinləri yaxınlıqdakı Qarqar çayından və kanaldan gələn sudan istifadə etmək məcburiyyətində qalır. Sakinlər deyir ki, ittifaq zamanı kənddə içməli su artezianı olub ancaq o da təqribən 4 il öncə baxımsızlıqdan tamamilə sıradan çıxıb. Əlacsız qalan sakinlər öz hesablarına həmin artezianın yerində su çıxarmaq üçün əllə idarə olunan xüsusi qurğu quraşdırıb. Amma bu da kəndin suya olan təlabatını ödəmir. Sakinlərin kanalın suyundan istifadə edirlər ki, bu da gigiyenik cəhətdən təmiz deyil.
Ağcabədi su kanal idarəsindən aldığımız məlumata görə, Ağcabədi şəhərinin suya olan təlabatının ödənilməsi üçün rayonun Qaratəpə adlanan ərazisində 15 ədəd artezian quyusunun qazılması nəzərdə tutulub. Su xətti Xocavənd kəndinin yaxınlığından keçəcəyindən kəndin içməli suya olan təlabatı bu artezianlar vasitəsi ilə ödənəcək. Artıq layihə hazırdır, hətta kəşfiyyat quyusu da qazılıb.
Bu ilin aprel –may aylarında layihənin təməli atılacaq.
