Ağdam-Xankəndi yolu açıldı
Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən göndərilən bir TIR Ağdam rayonundan keçərək Xankəndiyə çatıb. TIR ərzaq və qeyri-ərzaq məhsulları ilə yüklənib.
Azərbaycan Respublikası Milli Məclisinin üzvü Fazil Mustafa informator.az-a açıqlamasında bu hadisəni diplomatiyamız üçün əlverişli hal hesab edir və bizim bunu doğru dəyərləndirməli olduğumuzu qeyd edir:
"Bu hadisə yaxşı bir presedent yaratdı, ermənilərin bəhanələrini kəsdi. Acdılarsa, yemək göndərilir. Rusiya az göndərirsə, biz göndərərik, amma Azərbaycanı şikayət etməklə nəsə əldə etməyəcəklər. Onsuz bu ölkənin vətəndaşı olacaqlar, olmaq istəməyənlər də öz ölkələrinə gedəcək".
Millət vəkili qeyd edir ki, bu yolun açılması göstərir ki, Azərbaycanın heç bir güzəşti yoxdur: "Laçın yolu bağlı deyil, sadəcə Azərbaycan hökumətinin müəyyən etdiyi qaydalar əsasında açıqdır. Ermənistana getmək istəyənlər gedə bilər, amma bu yoldan silah daşımaq üçün istifadə etməyə Azərbaycan icazə verməyəcək".
Siyasi analitik Elxan Şahinoğlu Ağdam-Xankəndi yolunun açılmasını tilsimin qırılmasında ilk addım hesab etsə də, bunun hələ kifayət etmədiyini deyir:
"Bu yoldan sadəcə Rusiyaya aid yük maşını keçib, bizim yüklər isə hələ də yolda qalıb və Xankəndinə keçməyib. Ermənistan və Qarabağ seperatçıları yenə hay-küy salacaqlar ki, Ağdam-Xankəndi yolu açıldısa, Laçın yolu da açılsın. Amma öncə Ağdam-Xankəndi yolunun işlək vəziyyətə düşdüyünü demək üçün hələ tezdir".
Laçın yolundan keçəcək yüklərə görə Ermənistan Azərbaycana gömrük vergisi ödəməlidir. Bunu ödəməyə razılaşacaqlarmı sualına Elxan Şahinoğlu belə cavab verib:
"Gömrük vergisini ödəmək üçün Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalı, müvafiq ticarət sazişləri imzamalıdır. Əgər bunların heç biri yoxdursa, Laçın yolu ilə bağlı tələsməyə ehtiyac yoxdur"
Nəzrin Mirzəyeva
