Aİ Rusiyanın idxal məhdudiyyətlərinə cavab olaraq Ermənistan üçün dəstək proqramı hazırlayacaq
Avropa İttifaqı Rusiya Federasiyası tərəfindən tətbiq edilən iqtisadi məhdudiyyətlərə cavab olaraq Ermənistana dəstək proqramı hazırlayacaq və həmçinin İrəvana dəstək üçün missiya göndərəcək.
Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli “İnformator.az” a açıqlamasında bildirib ki, Ermənistanın əsas iqtisadi tərəfdaşı Rusiya olaraq qalır və Avropa yardımı bunu tam əvəz edə bilməz:
“Xarici maliyyə yardımları ölkənin problemlərini tam həll etmir. Əksinə, bəzi hallarda ölkənin asılılığını artıraraq suverenliyinə mənfi təsir göstərə bilər. Bu baxımdan, Avropa İttifaqının Ermənistana ayıracağı maliyyə dəstəyi Rusiyanın ticarətdəki rolunu əvəz etməyəcək. Lakin Ermənistan məhsulları üçün Avropa bazarının əlçatan olması müəyyən mənada bu itkini kompensasiya edə bilər. Avropa böyük bazardır, amma Ermənistanın həmin bazara çıxışında logistika problemləri də mövcuddur. Ermənistanın iqtisadiyyatı Avrasiya İqtisadi İttifaqından əhəmiyyətli dərəcədə asılıdır. Ölkənin xarici ticarət dövriyyəsinin təxminən 80 faizi bu birliklə bağlıdır və burada əsas tərəfdaş Rusiyadır. Bununla belə, Rusiyanın tətbiq etdiyi məhdudiyyətlərin daha çox epizodik və siyasi təzyiq xarakterli olduğu düşünülür. Hesab etmək olar ki, Ermənistanla Rusiya arasında yaranmış məsələlər müəyyən müddətdən sonra tənzimlənəcək. Ermənistan və Rusiya eyni iqtisadi birlikdə təmsil olunduqları üçün Moskvanın İrəvana qarşı sərt və uzunmüddətli məhdudiyyətlər tətbiq etmək imkanları da məhduddur. Çünki onlar vahid bazarın iştirakçılarıdır. Buna görə də mövcud məhdudiyyətlərin ciddi və davamlı iqtisadi nəticələr doğuracağı gözlənilmir. Bu addımlar daha çox seçkiqabağı dövrdə siyasi təzyiq vasitəsi kimi qiymətləndirilə bilər. Seçkilər başa çatdıqdan sonra isə tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılması ehtimalı yüksəkdir”.
Arzu Poladova