Aİ və Azərbaycan Naxçıvan dəmir yolu üzrə razılığa gəlib
Avropa İttifaqı və Azərbaycan Naxçıvan dəmir yolu layihəsinin əsaslandırılması üzrə işlərə başlanması barədə razılığa gəlib. Razılaşma tərəflər arasında nəqliyyat əlaqələrinin genişləndirilməsi və regional əməkdaşlığın gücləndirilməsi məqsədi daşıyır.
Mövzu ilə bağlı politoloq Mütəllim Rəhimli “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa nəqliyyat əlaqəsinin yaradılması ölkə üçün prioritetdir:
“Zəngəzur dəhlizinin açılması istiqamətində təşəbbüslərə ölkəmiz hər zaman dəstək verir. Ermənistan sərhədinə qədər avtomobil və dəmir yolunun tikintisi demək olar ki, yekunlaşmaqdadır. Ölkəmiz bütün işləri vaxtında və keyfiyyətlə icra edir. Ermənistanla münasibətlərin normallaşma prosesində Zəngəzur dəhlizi məsələsi həlledici rol oynayır. Lakin Ermənistanın bu dəhlizlə bağlı mövqeyi hələ də tam aydın deyil. Paşinyan ötən ilin avqustunda Vaşinqtonda TRİPP layihəsini dəstəkləyən mövqe sərgiləyib. Ancaq Rusiya və İranın təzyiqi altında tərəddüd edir. Orta dəhlizin bir hissəsi olan Zəngəzur koridoru region və kənar ölkələrin siyasi maraqları dairəsindədir. Naxçıvan ərazisində istifadəyə veriləcək dəmir yolu da Zəngəzur dəhlizinin davamıdır”.
Avropa İttifaqı ilə əldə olunan razılaşmanı dəyərləndirən Mütəllim Rəhimli bunun iqtisadi xarakter daşıdığını vurğulayıb:
“Aİ ilə Naxçıvan dəmir yolu üzrə işlərə başlanması haqda razılaşma daha çox iqtisadi mahiyyətlidir. Səmimi yanaşma olarsa, bu layihə regionun inkişafına və sülh prosesinə xidmət edə bilər. Azərbaycan müstəqil və çoxvektorlu siyasət aparır. Ölkəmizin hər hansı kənar qüvvənin təsiri altında olması mümkün deyil. Yeni dəmir yolu xətti Azərbaycanın strateji əhəmiyyətini artıracaq, Azərbaycanı Avropa ilə nəqliyyat baxımından daha sıx bağlayacaq. Eyni zamanda, bizi Orta Asiya və Çinlə birləşdirəcək. Nəticədə, Azərbaycan həm Şərqin, həm də Qərbin maraq dairəsində olan ölkəyə çevriləcək”.
Fatimə Hüseynli
