00:00:00
Yazar
Ayan Sadi
24.09.2026 23:48 24 2 dəq oxuma
Sosial

Ailə mübahisələrinin uşaqların psixologiyasına təsiri

Ailə mübahisələrinin uşaqların psixologiyasına təsiri

Ailə daxilində davamlı mübahisələr uşaqların psixologiyasına və davranışlarına mənfi təsir göstərir. Bu cür mühit uşaqlarda stress, qorxu və özünəqapanma kimi hallara səbəb ola bilər.

 

 

Mövzu ilə bağlı psixoloq Helin Şadfar “İnformator.az”a açıqlamasında bildirib ki, ailə daxilində davamlı mübahisələr uşaqlarda stress, qorxu, özünəqapanma və aqressiyaya səbəb ola bilər:

 

 

“Ailə içində mübahisə və fikir ayrılığı normal hesab edilir və hər ailədə, demək olar ki, olur. Yalnız bu sıxlaşdıqca zamanla həm cütlüklər arasında soyuqluq, məsafə yaranır, həm də uşaqlara mənfi təsir göstərir.

 

 

Hətta deyərdim, uşaqlara daha çox toxunur, çünki ana ilə atanın dalaşması, səs tonunun qalxması, şiddətin olmasına şahid olan uşaq emosional gərginlik, günahkarlıq, özgüvənsizlik, xroniki təşviş və stress yaşayır. Bu isə daha sonra fiziki olaraq təsir edir və ya davranışları ilə özünü büruzə verir: qorxub otaqdan qaçmaq, özünə qapanmaq, aqressiya göstərmək və s. Bundan əlavə məktəb nailiyyətləri düşə bilər, ifadə olunmayan daxili gərginlik fiziki simptomlara çevrilə bilər: baş ağrısı, yuxu pozuntusu, altını batırma. Eyni zamanda, gələcək münasibətlərində çətinlik yaşamasının təməlini qoyur”.

 

 

Psixoloq qeyd edib ki, ailə mübahisələri uşaqların psixologiyasına mənfi təsir etdiyindən, valideynlər onları bu mühitdən uzaq tutmalı və sevgi-təhlükəsizlik hissi yaratmalıdırlar:

 

 

“Valideynlərə məsləhət o olardı ki, əgər söhbətin mübahisəyə çevrildiyini artıq hiss etdikləri andan uşaqları həmin yerdən uzaqlaşdırmalıdırlar. Ümumiyyətlə, ər-arvad anlayışı və ana-ata anlayışı fərqlidir. Uşaqlar ana-ata obrazını həmişə görüblər və ona alışıblar, fərdlər fikir ayrılığı yaşadıqda artıq ana-ata obrazından çıxıb istər-istəməz cütlük mövqeyinə keçid edirlər. Ona görə də belə vəziyyət uşaqlarda çaşqınlıq yaradır”.

 

 

Nəticə olaraq bildirib ki, ər-arvad münasibəti uşaqlara yansımamalıdır, bəzi şeylər özəl qalmalıdır, lakin ailə səmimiyyəti, sevgi və qayğı mütləq uşaqlara göstərilməlidir ki, özlərini təhlükəsiz hiss edə bilsinlər.

 

 

Aydan Əsgərxanlı

#təsiri #ailə #baki #mübahisələrinin #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər