Akinyeminin transferi “Neftçi” üçün uğurlu seçim ola bilər – Ekspert
“Neftçi”nin hücum xəttinə yeni futbolçu transfer etməsi komandanın qarşısında duran əsas ehtiyaclardan birini aradan qaldıra bilər. Xüsusilə hücumda alternativlərin artırılması və komandanın fərqli taktiki sistemlərdən istifadə imkanlarının genişləndirilməsi baxımından yeni transferin əhəmiyyətli olduğu bildirilir.
Mövzu ilə bağlı idman eksperti Kənan Məstəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, Akinyeminin transferinə,“Neftçi”nin ehtiyacı olduğu görünürdü:
“Komandada düzgün qol vuran, xüsusilə də mərkəz hücumçusu mövqeyində oynayan təcrübəli və keyfiyyətli futbolçuya ehtiyac var idi. Görünən odur ki, hazırkı heyətdəki digər oyunçular bu işin öhdəsindən layiqincə gələ bilmirlər. Bu baxımdan, yaxşı, təcrübəli və fiziki cəhətdən güclü hücumçuya ehtiyac qaçılmaz idi. Akinyeminin transferi yerinə düşən və doğru addımdır. Düzdür, Qurban Qurbanov komandanı hücumçusuz, 4-6-0 sistemi ilə də oynada bilir və bu taktikanın öhdəsindən gəlməyi bacarır. Lakin bu sistem hər zaman və bütün rəqiblərə qarşı uğurlu olmaya bilər. Bəzi komandalara qarşı mərkəz hücumçusuna ehtiyac yaranır və bu zaman klassik hücumçu vacib rol oynayır”.
İdman eksperti həmçinin bunu da qeyd edib ki, Akinyemin, digər çempionatlarda bombardir olub:
“Akinyemi həm hündürboydur, həm də qol vurmaq bacarığına malikdir. O, digər çempionatlarda bombardir olub. Bu baxımdan, onun təcrübəsi “Neftçi”yə fayda verə bilər. Təbii ki, futbolçunun komandaya uyğunlaşması, nə vaxt gələcəyi və baş məşqçinin onu tam hazır vəziyyətə nə zaman gətirəcəyi də mühüm amillərdir. Amma ümumilikdə Akinyeminin transferini müsbət qiymətləndirmək olar”.
Güllər Gülhüseynova