Ali Məhkəmədən kredit dələduzluğu ilə bağlı xəbərdarlıq – Nələrə diqqət olunmalıdır?
Ali Məhkəmə kredit münasibətləri ilə bağlı dələduzluq hallarına diqqət çəkərək vətəndaşlara xəbərdarlıq edib. Kredit götürərkən müqavilənin şərtlərinin diqqətlə oxunması, ödəniş məbləği və faiz dərəcələrinin dəqiqləşdirilməsi tövsiyə olunur.
Xüsusilə tanımadığı şəxslərin və ya şübhəli onlayn elanların təqdim etdiyi kredit təkliflərinə qarşı diqqətli olmaq, şəxsi və bank məlumatlarını paylaşmamaq vacibdir.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında hüquqşünas Əkrəm Həsənov bildirib ki, vətəndaşların ən çox yol verdiyi səhvlərdən biri məlumatlarını və kodlarını üçüncü şəxslərə vermələridir:
"Ali Məhkəmə də bu məsələyə diqqət çəkir. Vətəndaş öz məlumatlarını heç bir halda qarşı tərəfə təqdim etməməlidir. Müqavilə imzalanarkən isə vətəndaş diqqətli olmalıdır. Xüsusilə onlayn kredit imkanının olub-olmadığını müqavilədə yoxlamaq vacibdir. Çünki kredit dələduzluğu hallarında kreditlər adətən onlayn şəkildə rəsmiləşdirilir. Vətəndaş müqavilədə bu imkanın olduğunu anlamadan sənədi imzalayır. Daha sonra telefonuna gələn kodu təsdiqlədikdə kredit rəsmiləşdirilir".
Hüquqşünas vurğulayıb ki, bu məsələlərdən məlumatı olmayan vətəndaşların müqavilədə onlayn kredit imkanını istisna etmələri və bunu bankdan tələb etmələri məqsədəuyğun olardı:
"Əgər kredit artıq dələduzluq yolu ilə rəsmiləşdirilibsə, vətəndaş ilk növbədə banka müraciət etməli, həmçinin Mərkəzi Banka və polis orqanlarına şikayət etməlidir. Təbii ki, bank bu halda məsuliyyətin vətəndaşın üzərində olduğunu bildirə bilər. Lakin hər bir işin fərdi xüsusiyyətləri və nüansları var. Məsələn, vətəndaşa zəng edən şəxs onun konkret bankda kredit müqaviləsinin olduğunu bilirsə, burada məlumatın haradan əldə edildiyi də araşdırılmalıdır. Bu baxımdan bankın təhlükəsizlik sisteminin də yoxlanılması tələb edilə bilər. Əgər bank həmin krediti vətəndaşdan, o cümlədən məhkəmə yolu ilə tələb edirsə, vətəndaş məhkəmədən müvafiq ekspertizanın keçirilməsini tələb etməlidir".
Aişə Mustafayeva