00:00:00
Yazar
Zəhra Həsənova
05.06.2026 18:43 35 2 dəq oxuma
Sosial

Ali Məhkəmə: Qanunsuz verilən pul geri qaytarılmır

Ali Məhkəmə: Qanunsuz verilən pul geri qaytarılmır

Ali Məhkəmə bildirib ki, qanunsuz məqsədlə verilən pul və ya digər əmlak sonradan məhkəmə qaydasında geri tələb oluna bilməz. Məhkəmələr belə işlərdə ilk növbədə pulun hansı məqsədlə verildiyini araşdırır və müəyyən edilərsə ki, tərəflər qanunazidd nəticə əldə etmək niyyəti ilə hərəkət ediblər, iddia təmin edilmir. Həmçinin iş materiallarında qanun pozuntusu əlamətləri aşkar olunarsa, materiallar hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilə bilər.

Mövzu ilə bağlı hüquqşünas Turan Abdullazadə “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan Ali Məhkəməsinin bu məsələ ilə bağlı formalaşdırdığı hüquqi mövqe xüsusi əhəmiyyət daşıyır:

 

“Məhkəmə açıq şəkildə bəyan edir ki, qanunazidd nəticə əldə etmək məqsədilə verilən pul və ya digər əmlak sonradan məhkəmə qaydasında geri tələb edilə bilməz. Bu mövqenin kökündə Mülki Məcəllənin əqdlərin etibarsızlığına dair normaları, eləcə də qədim Roma hüququndan gələn “in pari delicto potior est conditio defendentis” prinsipi dayanır. Sadə dillə desək, hər iki tərəf qanunsuz niyyətlə hərəkət etmişsə, məhkəmə onlardan heç birinin lehinə qərar çıxarmır. Başqa sözlə, hər iki tərəf qanunsuz hərəkətdə eyni dərəcədə iştirak edibsə, məhkəmə adətən cavabdehin xeyrinə qərar verir. Məhkəmə pulun hansı məqsədlə verildiyini müəyyənləşdirərkən ilk növbədə əməliyyatın iqtisadi məntiqini araşdırır. Tərəflər arasındakı yazışmalar, bank köçürmələrinin təyinat qeydləri, şahid ifadələri və elektron mesajlaşma tarixçəsi bu prosesin əsas sübut mənbələrini təşkil edir. Məhkəmə həmçinin öhdəliklərin qarşılıqlı mütənasibliyi məsələsinə xüsusi diqqət yetirir. Belə ki, verilən məbləğlə buna müvafiq görünən xidmət arasındakı kəskin uyğunsuzluq özlüyündə dolayı sübut kimi qiymətləndirilə bilər. Belə şəxs eyni zamanda iki ciddi risklə üzləşir. Birincisi, mülki müstəvidə pulun geri qaytarılması tələbindən tamamilə məhrum olur. İkincisi isə, daha ağır nəticə doğuran haldır: iş materiallarında cinayət əlamətləri aşkar edildiyi təqdirdə məhkəmə həmin materialları prokurorluğa göndərməyə qanunən borcludur. Bu isə o deməkdir ki, vəzifəli şəxsə pul verilibsə rüşvətvermə, aldatma elementi mövcuddursa dələduzluq, kommersiya münasibətləri çərçivəsindədirsə kommersiya rüşvəti üzrə cinayət təqibi başlana bilər”.

 

Hüquqşünasın sözlərinə görə, mülki məhkəməyə müraciət etmək bəzi hallarda cinayət işinin başlanmasına da zəmin yarada bilər:

 

“Beləliklə, mülki məhkəməyə müraciət etmək özü bir növ cinayət işinin açılmasına səbəb ola bilər ki, bu da hüquqi məsləhət baxımından son dərəcə nəzərə alınmalı məqamdır”.

Fatimə Hüseynli

#yeni #qaytarılmır #baki #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər