Ali məktəblərə qəbul: Boş plan yerlərinə qəbul olunanların qeydiyyat tarixləri açıqlanıb
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və orta ixtisas təhsili müəssisələrinə qəbul olunan şəxslərin qeydiyyat tarixləri açıqlanıb.
Dövlət İmtahan Mərkəzinin məlumatına görə, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olunanların qeydiyyatı 8 sentyabr saat 11:00-dan 15 sentyabr saat 18:00-dək, orta ixtisas təhsili müəssisələrinə qəbul olunanların qeydiyyatı isə 9 sentyabr saat 15:00-dan 17 sentyabr saat 18:00-dək aparılacaq.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında təhsil eksperti Aidə Əliyeva bildirib ki, builki nəticələr ali və orta ixtisas təhsilinə maraqla bağlı müəyyən mənzərə yaradır:
“DİM-in məlumatına görə, ali məktəblərin boş qalan 1760 plan yerinə cəmi 390 nəfər qəbul olunub. Kolleclərdə isə 18 475 plan yerinin 16 244-ü dolub və 2231 yer vakant qalıb.
Hesab edirəm ki, vakant plan yerləri arasında abituriyentlərin əsas diqqəti əmək bazarında daha perspektivli, konkret peşə və gəlir imkanları yaradan ixtisaslara yönələcək. Lakin boş yerin olması avtomatik olaraq həmin ixtisasa marağın yüksək olacağı anlamına gəlmir.
Bu mərhələdə abituriyentlərin seçim imkanları əvvəlki mərhələlərlə müqayisədə daha məhduddur. Buna görə də seçim zamanı “harada boş yer var?” prinsipi deyil, “mənim gələcək karyerama hansı ixtisas daha uyğundur?” yanaşması əsas götürülməlidir”.
Ekspert qeyd edib ki, qəbul olunan şəxslər qeydiyyat müddətinə xüsusi diqqət yetirməlidirlər. Onun sözlərinə görə, ali məktəblərə qəbul olunanların qeydiyyatı 8 sentyabr saat 11:00-dan 15 sentyabr saat 18:00-dək, kolleclərə qəbul olunanların qeydiyyatı isə 9 sentyabr saat 15:00-dan 17 sentyabr saat 18:00-dək davam edəcək.
Aidə Əliyeva bildirib ki, qeydiyyat yalnız my.gov.az üzərindən həyata keçirilir. O, abituriyentlərə qeydiyyatı son günə saxlamamağı, mygov ID vasitəsilə şəxsi kabinetə daxil olmağı, “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı” xidmətindən istifadə etməyi və təqdim olunan məlumatların düzgünlüyünü yoxlamağı tövsiyə edib.
Onun sözlərinə görə, müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməyən şəxsin qəbuldan imtina etdiyi hesab olunur və onun qəbul haqqında əmri təhsil müəssisəsinə göndərilmir:
“Buna görə də “qəbul olmuşam, deməli, artıq tələbəyəm” yanaşması düzgün deyil. Elektron qeydiyyat da qəbul prosesinin vacib mərhələsidir”.
Ekspert kollec təhsilinə marağın da yüksək olaraq qaldığını bildirib. 18 475 plan yerinin 16 244-ünün dolması, yəni yerlərin 87,92 faizinin tutulması bunu göstərir. Onun fikrincə, bunun əsas səbəblərindən biri orta ixtisas təhsilinin gənclərə daha qısa müddətdə konkret peşə əldə etmək imkanı verməsidir.
“Digər tərəfdən, kolleci universitetə gedən yola alternativ və ya növbəti mərhələyə keçid vasitəsi kimi görənlər də var. Lakin 2231 vakant yerin qalması göstərir ki, kolleclərə ümumi maraq yüksək olsa da, bütün ixtisaslara eyni səviyyədə tələb yoxdur. Xüsusi qabiliyyət tələb edən ixtisaslarda dolma faizi 81,01 faiz, digər ixtisaslarda isə 88,29 faiz olub”, – deyə Aidə Əliyeva bildirib.
Ekspertin proqnozuna görə, növbəti mərhələdə də əmək bazarında konkret qarşılığı olan ixtisaslar daha çox seçiləcək. Ənənəvi və məzun olduqdan sonra iş imkanları daha məhdud görünən ixtisaslarda isə vakant yerlərin qalması ehtimalı yüksəkdir.
“Ümumilikdə builki rəqəmlər göstərir ki, gənclər artıq sadəcə diplom əldə etməyə deyil, həmin diplomun gələcəkdə hansı iş və karyera imkanlarını yaradacağına daha çox diqqət yetirirlər. Bu, ali və orta ixtisas təhsilində seçim davranışının getdikcə əmək bazarına daha çox bağlandığını göstərən mühüm göstəricidir”, - deyə ekspert əlavə edib.
Aişə Mustafayeva