Ali məktəbə qəbul zamanı şans imtahanlarının sayı artırılmalıdırmı?
Hər il ali məktəbə qəbul imtahanları ilə bağlı müxtəlif müzakirələr, təkliflər yaranır. Bəzi abituriyentlər düşünürlər ki, blok imtahanı kimi buraxılış imtahanları üzrə də II cəhd imtahanları keçirilməlidir. Blok imtahanlarında olduğu kimi buraxılış imtahanının nəticəsi də abituriyent üçün əhəmiyyət kəsb edir. Qeyd edək ki,blok imtahanı üzrə II mərhələ imtahanı ödənişlidir. Bəs, bu imtahan üzrə II cəhd imtahanının keçirilməsinin abituriyentlərin nəticələrinə hansı təsirləri ola bilər?
III ixtisas qrupu üzrə hazırlaşan abituriyent Zəhra Əliyeva informator.az saytına açıqlamasında qeyd edir ki, o da buraxılış imtahanı üzrə II mərhələnin keçirilməsi təklifi ilə razıdır.
“Düşünürəm ki, buraxılış imtahanı da 2-ci dəfə keçirilsə, yaxşı olar. İlk imtahanda etdiyimiz səhvlərdən nəticə çıxara bilərik. Məsələn, blok imtahanı üzrə II cəhd olduğu üçün səhvlərimizin üzərində çalışa bilib, digər imtahanda daha yaxşı nəticə əldə edə bilərik. Məncə, buraxılış fənləri üzrə də 2-ci dəfə imtahan keçirilsəydi, abituriyentlərin nəticələri daha yaxşı ola bilərdi”.
Məsələ ilə bağlə, təhsil üzrə ekspert Qoşqar Məhərrəmov isə açıqlamasında deyir ki, qəbul imtahanları üzrə III, IV cəhd imtahanları keçirilsə, daha da yaxşı olar.
“Yəni bir il ərzində abituriyentə sentyabr, dekabr, fevral, aprel, may aylarında da həmin imtahana girmə şansı verilə bilər. Məncə, abituriyentin nəticəsi bir imtahandan asılı olmamalıdır. Ona görə müxtəlif şanslar verilə bilər. Abituriyent il boyunca bu imtahanlara istədiyi zaman girə bilsə, abituriyent öyrəşəcək, bu isə nəticələrə müsbət təsir edəcək. Bilirik ki, hər il neçə abituriyent istədiyi nəticəni toplaya bilmədiyi üçün intihar edir".
Ekspert düşünür ki, sertifikasiya, MİQ imtahanları da bu qaydada həyata keçirilməlidir.
Nəzrin Mirzəyeva
