00:00:00
Yazar
Admin User
16.06.2023 05:26 638 2 dəq oxuma
Sosial

Ali təhsilin şəxsi inkişafda rolu

Ali təhsilin şəxsi inkişafda rolu

Günümüzdə dünyada və ölkəmizdə əksəriyyəti gənc olmaqla insanlar tələbə adını qazanmağa can atırlar və bir çoxu bu arzularını rellaşdırırlar. Ali təhsil fərdə bir sıra imkanlar yaradır. Ali təhsil tələbəyə seçdiyi ixtisas üzrə elmi dərəcə əldə etməyə, peşəkar profildə nəzəri və praktiki problemləri həll etməyə, elm, texnologiya və mədəniyyətin nailiyyətlərindən istifadə etməyə imkan verən sistemli bilik və bacarıqlar toplusunu əldə etməyə kömək edir.

 

Digər bir tərəfdə isə fərdin imkanlarını və potensialını inkişaf etdirən, həyat keyfiyyətlərini artıran, arzu və istəklərin reallaşmasına təkan verən, insanın cəmiyyətdə asanlıqla özünə yer tapmasına kömək edən şəxsi inkişaf dayanır.

 

Ali təhsilin insanın bir ömür prosesi olan şəxsi inkişafda rolu nədən ibarətdir ? İnsan həyatının kiçik bir hissəsini əhatə etsə də ali təhsil insanın fərd olaraq formalaşmasında ciddi rol oynayan bir mərhələdir.

 

Mövzu ilə bağlı fikirlərini səsləndirən SDU, Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının baş müəllimi Pərviz Cəfərov qeyd edir ki, universitet daxili ictimai tədbirlər, kurslar, klublar gənc tələbələrin özünü şəxsiyyət kimi inkişaf etdirməsinə imkan yaradır, xüsusi yaradıcılıq qabiliyyətlərinin ortaya çıxmasına gətirib çıxarır. Məsələn universitetə qədər özünü kəşf etməmiş gənc asudə vaxtlarını yararlı keçirmək üçün qoşulduğu rəsm, rəqs və s. kimi klublarda bəzən gələcək karyerasının təməlini atmış olur, əksər hallarda isə hər hansısa yaradıcılıq qabiliyyətinin kəşfi, gəncin digər sahələrdə daha uğurlu olmasına kömək edir. Debat finalında tələbələrinin dəvəti ilə iştirak etmiş Pərviz Cəfərov əlavə edir ki, həmin tələbələrin debat ərzindəki problemlərə toxunması, hazırcavablılığı, ani reaksiyaları dərs prosesinə çox gözəl təsir edir və onlar özlərini ifadə etməkdə çətinlik çəkmirlər.

 

Nəticə olaraq deyə bilərik ki, ali təhsil tələbənin işlənəcək mövzuya müxtəlif yerli və xarici mənbələrlə əvvəlcədən hazırlaşdığı, dərsdə sualları ilə müəllimi çətinə saldığı, bəzən professorun köməyinə digər tələbələrin çatdığı, auditoriyadakı müzakirələrin universitet koridorlarına və ya şəxsi həyata daşındığı, “Hər şey müəllimdən öyrənilməlidir” şablonundan ziyadə tələbənin vacib parça olduğu, informasiya mənbələrinə təsir etdiyi bir təhsil sistemidir. Ali təhsil ixtisas fənlərindən əlavə insan həyatı və şəxsi inkişafı üçün vacib fənlərin də tədris olunduğu, fərdin qərar qəbul etmək, ünsiyyət qurmaq, rəy almaq və özünə inanmaq kimi bir sıra bacarıqlarını inkişaf etdirdiyi təhsil pilləsidir. Əlavə olaraq bir sıra fəaliyyətlər və klublar universitet həyatının ayrılmaz parçasıdır və şəxsi inkişafda danılmaz rol oynayırlar.

 

“Təhsil şəxsi inkişafın böyük mühərrikidir. Məhz təhsillə kəndlinin qızı həkim, mədən işçisinin oğlu mədən rəisi, sadə bir təsərrüfat işçisinin övladı böyük bir xalqın prezidenti ola bilər. Bir insanı digərindən ayıran bizə verilənlər deyil, verilənlərdən çıxardığımız nəticələrdir.” Nelson Mandela

 

Fərid Abbaszadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər