00:00:00
Yazar
Admin User
05.02.2015 11:38 1729 4 dəq oxuma
Sosial

Allah sənə rəhmət eləsin onlayn ticarət!

Bu bir faktdır ki, elektron ticarət dünyanın inkişaf etmiş ölkələrində əsas ticarət vasitəsinə çevrilib.
Allah sənə rəhmət eləsin onlayn ticarət!

 

ABŞ-da ticarət əməliyyatlarının 75, Avropa ölkələrində isə 60 faizi elektron şəklində aparılır. Hazırda sosial şəbəkələr vasitəsilə də bu ticarət həyata keçirilir. Bu gün bu ticarət növünün inkişaf etdiyi Avropanı bölgələrə ayırdıqda qitənin ən aşağı e-ticarət rəqəmləri Şərqi Avropa ölkələrində müşahidə edilir. İnternet istifadəçiləri arasında onlayn alış-verişin 4 faiz olduğu Rumıniya və 5 faiz olduğu Bolqarıstan ən aşağı yerləri tutur. Yunanıstan isə 12 faizlə bölgənin digər ölkələrinə görə daha irəlidə olsa da, qərbdəkilərdən geridədir. Onlayn ticarət etmə faizi İtaliyada 15 faiz, İspaniyada 24, Fransada 56 faiz olduğu halda bu sektorda yaşlı "dostu" İngiltərə, Almaniya, Norveçdir.

 

 

Hökumətin belə bir addım atması doğru deyil

 

Azərbaycanda isə elektron alış-veriş son günlər ən çox müzakirə olunan məsələlərdən birinə çevrilib. Xarici internet-magazalardan alınan malların rüsumsuz idxal həddinin 1000 dollardan 150 manata endirilməsi məsələsi gündəmdədir. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, burada istehlakçının hüquqlarının qorunması deyil, inhisarçılığın dəstəklənməsi görünür: “2005-ci ildə ölkədə elektron ticarət haqqında qanun qəbul olunub. Həmin qanunun tələblərində elektron ticarətin bütün məziyyətləri göstərilib. Ümumiyyətlə, dünyada, eləcə də Azərbaycanda elektron və klassik ticarət arasında güclü rəqabət var. Elektron ticarət dünyada irəliləyir, çünki istehlakçıların buna tələbatı var. Belə bir şəraitdə hökumətin belə bir addım atması doğru deyil. Düşünürəm ki, hökumət səhvini düzəldəcək.”

 

Birlik sədrinin sözlərinə görə, burada istehlakçının qazancından söhbət gedə bilməz. Məbləğ azaldılıb vergi tətbiq edilirsə, bu, birbaşa alıcıya ziyan vurur: “Telefonların fərdi şəxslər üçün qeydiyyata alınması məsələsi ortaya çıxanda çox sevindim. Bu yaxşı bir cəhət idi. Lakin görünür ki, onun arxasında da belə məsələlər durur. Bir adamın başqa adamların adı ilə mal gətirməsi ayrı bir məsələdir. Belə də hökumət orqanlarının borcudur ki, həmin şəxsləri aşkar etsin.”

 

ABŞ-da elektron ticarətdə vergi yoxdur

 

İqtisadçı ekspert Vüqar Bayramov Analitik.az-a bildirdi ki, hər bir istehlakçı xarici ölkələrdən dəyəri 1000 dollardan çox olmayan məhsul sifariş vermək və almaq imkanına malikdir. Sifariş edilən malın dəyəri 1000 dollardan artıq deyilsə, vergi ödəmədən həmin məhsulu Azərbaycana gətirə bilər: “Biz ümumiyyətlə, vergidən azad olan məbləğin azaldılmasının deyil, çoxaldılmasının tərəfdarıyam. Nəzərə alsaq ki, vergidən azad olunan məbləğin çoxaldılması onlayn ticarətin inkişafına gətirib çıxarır. Təbii ki, burada söhbət idxal olunan məhsullara tətbiq edilən vergidən gedir. Ölkə daxilində hər hansı bir mal sifariş edilirsə, ona vergi ödəməyə ehtiyac yoxdur. Çünki həmin məhsul satışa çıxarılan zaman onun qiymətinəƏDV daxil edilib.”

 

V. Bayramov qeyd edib ki, elə məhsullar var ki, həmin məhsullar praktik olaraq Azərbaycan şirkətləri tərəfindən təklif olunmur. Bu gün çox sayda insanlar nəinki sənaye və texnologiya, eyni zamanda yeni nəşr olunmuş kitabları belə internet üzərindən sifariş edirlər: “Əgər vergisiz hissə azaldılırsa, müəyyən məhsullar üçün bunun tətbiqi düzgün deyil. Bura tədqiqatda istifadə olunan vəsaitlər, kitablar daxildir. Bu o deməkdir vətəndaş amazon.com-dan kitab sifariş verir. Həmin kitabı sifariş verən zaman pulunu ödəyir, daşıma və çatdırılma xərclərini ödəyir. Kitabın ölkəyə gətirilməsi zaman vergi ödəsə, bunun heç cür izahı yoxdur. Ümumiyyətlə, vergi tətbiq olunmayan məbləğin azaldılması məqbul deyil. İkincisi, əgər tətbiq olunacaqsa müəyyən məhsullara və tədqiqatda istifadə olunan digər mallar üçün vergisiz hissəsin saxlanılmasına ehtiyac var. Məsələn, ABŞ-da elektron ticarətdə vergi yoxdur. Telefon sifariş verən zaman şirkət vergi ödəmir. Elektron ticarət satış vergisindən azaddır.”

 

İqtisadçı bu məsələnin son zamanlar aktuallaşmasını neftin dünya bazarında qiymətinin aşağı düşməsi ilə də bağlayır:“Qeyd edək ki, oxşar sifarişlər əvvəlki dövrlərdə və illərdə də edilirdi. Dövlət Gömrük Komitəsi bu sifarişlərə ciddi yanaşmırdı. Neftin qiymətinin aşağı düşməsi və daxil olan vəsaitlərin azalması praktik olaraq artıq bu tip mənbələrdən də dövlət büdcəsinə vəsaitin cəlb edilməsini aktuallaşdırır.”

 

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən isə bildirdilər ki, bəzi işbazlar elektron ticarətdən vergidən yayınmaq üçün istifadə edirlər: “Başqalarının adları ilə ölkəyə satış məqsədi ilə xaricdən məhsullar gətirirlər. Bu üsulla dövlət rüsumlarından yayınırlar. Bu tip elektron ticarət, qanun-qaydanın riayət olunmasında müəyyən problemlər yaradır. Ölkədə qoyulan qanunun riayət olunmasını təmin etmək bizim borcumuzdur. Burada inhisarçılıqdan söhbət gedə bilməz. Dövlətin qanunlarına əməl etmək lazımdır”.

 

Vergilər Nazirliyinin mətbuat katibi Şahin Məmmədov isə bildirdi ki, ölkəyə satış məqsədi ilə gətirilən məhsullar vergiyə cəlb olunmalıdır: “Xaricdən istehlakçının sifarişi ilə məhsul gətirən şirkətlər, bu üsulla vergidən yayınırdılar. Məqsəd vergidən yayınmanın qarşını almaqdır. Hansısa inhisarçılıqdan söhbət gedə bilməz.”

 

Yeni qaydalara gəldikdə isə, xaricdən alınan malların ölkəyə idxalına qadağa qoymur, sadəcə olaraq dəyəri 150 manatdan artıq olan mallara gömrük rüsumu (15%) və ƏDV (18%) tətbiq olunacaq. Bu da hər alınan məhsula görə ödənilən məbləğin 33 faizi deməkdir. Məsələn, 1150 manatlıq onlayn məhsul alan şəxs, onu satan şirkətə şipinq, yəni göndərilməsi üçün vəsaiti, Azərbaycanda poçt daşınmasına görə ödənilən məbləği də bunun üzərinə əlavə etdikdə, bu da təxminən 40-ə faizə çatır. Deməli, 1150 manatlıq məhsul alan şəxs buna görə 400 manat vergi ödəməlidir. O zaman Azərbaycanda Allah sənə rəhmət eləsin onlayn ticarət ...

 

R.ZEYNALLI/Analitik.az

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər