"Almaniya Aİ-nin Azərbaycanla münasibətlərinin daha da dərinləşməsinin tərəfdarıdır" - Səfir
Almaniya Avropa üçün rolu artmaqda olan Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında münasibətlərin daha da dərinləşməsinin tərəfdarıdır. Bunu Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann azərbaycanlı jurnalistlərə diplomatik missiyasının başa çatması ilə bağlı keçirilən görüşdə bildirib.
Mövzu ilə bağlı politoloq Taleh Əliyev "İnformator.az"a açıqlamasında bildirib ki, Azərbaycan bu gün Avropa İttifaqı üçün enerji təhlükəsizliyinin əsas açar ölkəsidir:
"Bu gün Azərbaycan, Avropa İttifaqı daxil olmaqla, Avropanın 16 ölkəsinin qaz təchizatında əhəmiyyətli tərəfdaşdır. O cümlədən, Azərbaycanın Avropa İttifaqının əsas iqtisadi dayağı olan Almaniya ilə iqtisadi əlaqələri kifayət qədər yüksək səviyyədədir. 2025-ci ildə Azərbaycanla Almaniya arasında iqtisadi dövriyyənin həcmi 1.7 milyard dollar təşkil edib. Bu isə onu deməyə əsas verir ki, Azərbaycanın əsas tərəfdaşları məhz Avropa İttifaqı ölkələridir. Yalnız Almaniya deyil, eyni zamanda İtaliya və digər Avropa dövlətləri də ölkəmizin Aİ-dəki əsas iqtisadi tərəfdaşlarındandır.Xüsusilə, Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi işğalçılıq müharibəsindən sonra Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu getdikcə artır. Ona görə də bu gün Azərbaycanla Avropa İttifaqı arasındakı əlaqələrin geosiyasi əhəmiyyətini nəzərdən keçirərkən qeyd edə bilərik ki, ölkəmiz Avropa üçün təkcə ənənəvi qaz tədarükündə deyil, həm də yaşıl enerji sahəsində əsas tərəfdaşlardan birinə çevrilir. Eyni zamanda Azərbaycan Avropa məkanının iqtisadi və qida sektorlarında da yeni tərəfdaş kimi çıxış edir. Bu baxımdan, Avropanın aparıcı ölkələrindən olan Almaniya ilə əlaqələrin dərinləşməsi, bütövlükdə Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişafında mühüm rol oynayır”.
Günel Əlili