Almaniya Polşada Eurofighter təyyarələri yerləşdirəcək
Almaniyanın NATO-nun şərq cinahını qorumaq məqsədilə Polşanın Malbork hərbi hava bazasında Eurofighter təyyarələri yerləşdirəcəyi bildirilib.
Almaniya müdafiə naziri Boris Pistorius, NATO müdafiə nazirlərinin toplantısı üçün Brüsseldə olduğu vaxt jurnalistlərə açıqlama verib.
Nazir Pistorius deyib: “Hazırda bir neçə Eurofighter təyyarəsi ilə Rumıniyanın Köstəncə şəhərindəyik. Gələcəkdə bir neçə Eurofighter təyyarəsi ilə Polşanın Marburq şəhərində də olacağıq. Beləliklə, alyansın şərq sərhədində daha fəal, daha görünən və daha çox varlıq göstərəcəyik. Patrul uçuşları ilə şərq cinahının qorunmasına töhfə verəcəyik”.
Almaniyanın göndərəcəyi təyyarələr NATO-nun “Eastern Sentry” (“Şərq Növbətçisi”) əməliyyatı çərçivəsində şərq cinahını qorumaq üçün xidmət göstərəcək.
“Eastern Sentry” əməliyyatı sentyabr ayında Rusiya pilotsuz uçuş aparatlarının (PUA) Polşa hava məkanını pozmasına cavab olaraq başladılıb.
Polşadakı yeni missiya dekabr ayında başlayacaq və 2026-cı ilin martına qədər davam edəcək.
Almaniya ilə yanaşı, Fransa, Böyük Britaniya, Çexiya və Danimarka da “Eastern Sentry” əməliyyatında iştirak edir.
Almaniya bundan əvvəl də Rostock-Laage hava bazasından Polşada həyata keçirilən mühafizə uçuşlarına dörd ədəd Eurofighter qırıcı təyyarə ilə dəstək verib.
TRT Xəbər
Sura Əliyeva