00:00:00
Yazar
Admin User
29.12.2025 16:53 84 3 dəq oxuma
Dünya

Almazbek Atambayev bütün dövlət mükafatlarından məhrum edilib

Almazbek Atambayev bütün dövlət mükafatlarından məhrum edilib

Qırğızıstan prezidenti Sadır Japarov sabiq dövlət başçısı Almazbek Atambayevi bütün dövlət mükafatlarından məhrum edib.

 

Mövzu ilə bağlı siyasi şərhçi Aydın Quliyev "İnformator.az"a açıqlamasında bildirib ki, Keçmiş və indiki liderlər arasında yaranan qarşıdurma, qisas yönümlü münasibət cəmiyyətdə də qütbləşməyə, qarşılıqlı narazılığa səbəb olur:

 

"Mərkəzi Asiya dövlətlərində hər yeni prezidentin özündən əvvəlki dövlət başçısına qarşı qisasçılıq yanaşması ilə yadda qalması, təəssüf ki, artıq mütəmadi hal almaqdadır. Bundan əvvəl eyni vəziyyəti Qazaxıstanda müşahidə olunub. Nazarbayevdən sonra hakimiyyətə gələn lider onun müəyyən dövlət təltiflərindən məhrum edilməsinə qərar verib. Daha əvvəl isə bu cür hadisəyə Özbəkistanda rast gəlinir. İndi isə bu hal Qırğızıstanda baş verir. Bu cür münasibət dövlət adına baş ucalığı gətirmir və xüsusilə dəyərli və həssas olan türk dilli ölkələrdə belə hallar yaşanması məyusedicidir".

 

Siyasi şərhçi qeyd edib ki, Mərkəzi Asiyanın dörd əsas türk dilli ölkəsində baş verən bu tipli davranışlar həm ölkə daxilində vətəndaş həmrəyliyinin formalaşmasına mane olur, həm də siyasi sabitliyi sarsıdır:

 

"Çünki hər bir prezidentin istər gedənin, istər gələnin öz sosial bazası və elektoratı olur. Keçmiş və indiki liderlər arasında yaranan qarşıdurma, qisas yönümlü münasibət cəmiyyətdə də qütbləşməyə, qarşılıqlı narazılığa səbəb olur. Qırğızıstanda baş verən bu son hadisə də göstərir ki, Japarov və Atambayev tərəfdarları, onların təmsil etdiyi tayfalar arasında münasibətlərin gərginləşməsi mümkündür. Bu isə sonda bütün ölkənin, xalqın ziyanına işləyən mənfi bir faktora çevrilə bilər. Əlbəttə, çox yaxşı olar ki, keçmiş və hazırkı dövlət başçıları arasında qarşılıqlı etimad münasibətləri mövcud olsun. Hətta bir-birinin siyasətini tənqid etsələr və ya qəbul etməsələr belə, bunu ictimai şəkildə nümayiş etdirmək düzgün deyil. Çünki belə hallarda bütövlükdə itirən ölkə olur. Bu məsələdə ABŞ təcrübəsinə istinad etmək olar. Tramp hakimiyyətə gələnədək, Amerikanın tarixində 50-yə yaxın prezident olub və onların heç biri özündən əvvəlki prezidentləri açıq şəkildə ittiham etməyib. Tramp bu baxımdan istisna hal kimi yadda qalın və hələ də bu davranışı təqdir olunmur. ABŞ-də dövlətçilik ənənəsi var, prezidentlər arasında siyasi varislik və qarşılıqlı etimad qorunur. Bu ənənənin davam etdirilməsi dövlətin sabitliyi və cəmiyyətin birliyi üçün çox önəmlidir. Orta Asiya dövlətlərində, xüsusilə Qırğızıstanda isə vəziyyət fərqlidir. Almazbek Atambayevin fəaliyyəti də birmənalı qarşılanmır. O bəzi sahələrdə ideal görünə bilər, amma təbii ki, səhvləri də olub. Onun özündən əvvəlki hakimiyyətə münasibəti də normal olmayıb. Çünki özü də qeyri-adi şəkildə Manas heykəlinin önünə çıxarılan bir neçə atlının dəstəyi ilə əvvəlki hakimiyyəti devirməklə prezident olub".

 

Müsahib bildirib ki, qeyri-normal yolla hakimiyyətə gələn liderlərin keçmiş rəhbərlərə münasibəti də çox vaxt sağlam əsaslara söykənmir və siyasi münasibətlərdə radikallıqla müşahidə olunur:

 

"Mərkəzi Asiyanın türkdilli dövlətləri arasında hələlik yalnız Türkmənistanda keçmiş və hazırkı rəhbərlərin arasında qarşılıqlı etimad müşahidə olunur. Sanki bu nümunə Orta Asiyanın digər türkdilli ölkələrində yaranan siyasi qarşıdurmalar fonunda xüsusi bir modelə çevrilir. Belə təəssürat yaranır ki, əgər keçmiş və indiki prezidentlər arasında qarşılıqlı ittihamların və qisasçılığın olunmaması istənilirsə, onda ən yaxşı çıxış yolu keçmiş prezidentin yerinə onun övladının gəlməsidir. Çünki heç bir övlad öz atasının əleyhinə danışmaz. Təbii ki, bu, Türkmənistan xalqının seçdiyi yol və daxili siyasi modelidir. Lakin Qırğızıstanda baş verənlər, keçmiş və yeni prezidentlər arasında qarşıdurmalar və etimadsızlıq, heç bir halda nə Qırğız xalqının, nə də dövlətin maraqlarına uyğundur. Bu münasibətlərin səbəbləri əsaslı və ya əsassız ola bilər, lakin nəticədə itirən dövlət və cəmiyyət olur. Dövlətçilik ənənəsi və siyasi sabitlik üçün keçmiş və indiki rəhbərlərin qarşılıqlı hörmətə əsaslanan münasibəti son dərəcə vacibdir".

 

Səmayə Səftərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər