Milyonluq raketlər ucuz dronlara qarşı: “Patriot”ların qarşılaşdığı əsas maneələr
Ukrayna paytaxtını qoruyan ABŞ istehsalı "Patriot" hava hücumundan müdafiə sistemləri son zamanlar Rusiya ordusunun kütləvi hücum taktiki və sursat qıtlığı səbəbindən ciddi gərginliklə üzləşib.
Mövzu ilə bağlı "İnformator. az"a açıqlamasında politoloq Züriyyə Qarayeva bildirib ki, ABŞ və digər Qərb ölkələrinin Ukraynaya əlavə “Patriot” sistemləri və onların raketlərini verməsi Kiyevin hava müdafiəsini gücləndirə bilər, amma problemin tam həlli deyil:
"Sentyabrın sonunda yayılan məlumatlara görə, qlobal “Patriot” raket ehtiyatlarının məhdudluğu artıq Ukraynaya tədarük imkanlarına təsir göstərir və ABŞ-nin öz ehtiyatları da son münaqişələr fonunda ciddi təzyiq altındadır. Burada məsələ radar, komanda-idarəetmə sistemi, buraxılış qurğuları, raket ehtiyatı və onları işlədə bilən hazırlıqlı heyətin birlikdə təmin edilməsidir. “Patriot” mürəkkəb sistem olduğundan personalın hazırlanması və texniki xidmət imkanlarının yaradılması da vaxt tələb edir. Standart ABŞ proqramlarında müxtəlif operator ixtisaslarının hazırlanması təxminən 13-20 həftə, bəzi texniki mütəxəssislərin tam hazırlığı isə daha uzun müddət çəkə bilir. Əlavə sistemlərin verilməsi Kiyevin müəyyən strateji obyektlər ətrafında müdafiə sıxlığını artıra bilər”.
Politoloqun sözlərinə görə, əsas problem hücum və müdafiənin iqtisadi asimmetriyasıdır:
““Patriot”un PAC-3 tipli raketlərinin hər biri bir neçə milyon dollara başa gəldiyi halda, “Shahed” tipli hücum dronlarının qiyməti on min dollar səviyyəsində qiymətləndirilir. Buna görə ucuz dronların kütləvi şəkildə buraxılması Ukraynanı bahalı və istehsalı məhdud raketlərini sərf etməyə məcbur edərsə, Rusiya üçün strateji baxımdan sərfəli tükəndirmə mexanizmi yaranır. “Patriot”un əsas üstünlüyü daha təhlükəli ballistik və qanadlı raketlər kimi yüksək dəyərli hədəflərə qarşı müdafiədədir. Ucuz dronların sistemli şəkildə milyonlarla dollarlıq raketlərlə vurulması uzunmüddətli və iqtisadi baxımdan davamlı deyil. Kiyev üçün daha optimal yanaşma çoxqatlı hava müdafiəsidir. Ucuz dronlara qarşı elektron mübarizə, mobil atəş qrupları və daha ucuz interceptor-dronlar, yüksək təhlükəli raketlərə qarşı isə “Patriot” kimi sistemlərdən istifadə etmək lazımdır. Son təcrübələrdə aşağı qiymətli interceptor-dronların bahalı “Patriot” raketlərinə alternativ müdafiə qatı kimi əhəmiyyəti artır”.
Xədicə İsmayılova