00:00:00
Yazar
Admin User
02.02.2024 09:46 359 3 dəq oxuma
Sosial

Alternativ hərbi xidmət modeli hansı dəyişiklikləri ehtiva edə bilər?

Alternativ hərbi xidmət modeli hansı dəyişiklikləri ehtiva edə bilər?

Uzun müddətdir ki, ölkədə alternativ hərbi xidmətlə bağlı yeniliklərin tətbiqi müzakirə olunur. Son olaraq bu gün Milli Məclisin deputatı Elnur Allahverdiyev daha az müddətdə hərbi xidmət keçirilməsi üçün alternativ modelin yaradılmasını təklif edib. Deputat bu kimi addımın gənclərin təhsilinə əlavə təkan olacağını bildirib. Bəs görəsən alternativ hərbi xidmət modeli özündə hansı dəyişiklikləri ehtiva etməlidir? 

 

Bu barədə hərbi ekspert Emin Həsənli informator.az-a açıqlamasında bildirib ki, bu məsələ tam hərtərəfli təhlil olunmalıdır.

 

"Bu sahə üzrə çalışan qurumlar məsələni hərtərəfli ələ almalı, təhlil etməlidir. Bizim insan resurslarımız da önəmli faktordur, son illərdə dünyaya gələn oğlan uşaqlarının sayına baxılmalıdır. On yaşından yuxarı neçə oğlan uşağı var, hər il universitetlərə qəbul olan oğlanların sayı nə qədərdir, bunlar araşdırılmalıdır".

 

Ekspert qeyd edir ki, son illərdə universitetlərə qəbul sayında artım müşahidə olunur, bu və bunun kimi faktorlar əsas hesab edilməli, təhlil aparılmalıdır.

 

"Türkiyənin bəzi universitetlərinə attestatla qəbul olmaq olur,elanlarda təbliğ olunur,Türkiyə ilə yanaşı Gürcüstanın, Ukraynanın da belə təklifləri mövcuddur. Oralarda təhsil alan uşaqların qayıtdıqdan sonra hərbi xidmətə cəlb edilməsi vacibdir. Biz peşəkar orduya keçirik, hər kəs elə bilir ki, peşəkar orduda çağırış sistemi olmamalıdır. Peşəkar orduda xidmət edəcək gizir, müddətdən artıq hərbi qulluqçu, harda ilkin dövr əsgərliyi keçir? Bu uşağın orta məktəb oxumadan universitet oxuması kimi bir şeydir".

 

Emin Həsənli əlavə edir ki, mahir gizirlər müddətli hərbi qulluçuların içindən seçilir.

 

"Ölkə müharibə şəraitindədir, çox ağır bir bölgədə yaşayırıq, Yaxın Şərqdə baş verən prosesslər hamıya məlumdur. Bizə qardaş Türkiyəni misal gətirirlər, bəli, Türkiyədə alternativ hərbi xidmət var, amma Türkiyənin 80 milyondan çox əhalisi var, onların insan resursları çoxdur, Türkiyə uzun müddətdir ki, peşəkar orduya keçib və Türkiyədə vətənpərvərlik həddi çox yüksəkdir, buna görə də müqaviləli xidmətdən çox az insan istifadə edir. Əlbəttə, bizdə də az deyil, 44 günlük müharibə özü bizə Azərbaycan gənclərinin necə vətənpərvər olduğunu göstərdi".

 

Müsahib eyni zamanda qeyd edir ki, Azərbaycan ordusunda yayınma halları, fərarilik yoxdur.

 

"Sadəcə gənc əgər bu sülh dövründə orduya gedib təlim keçməsə, sabahları müharibə dövrünə necə hazırlıqlı olacaq? Kişi cinsindən olan hər bir adamın hərbi xidmət keçməsi, onun üçün çox müsbət bir haldır. Hərbi xidmət böyük bir məktəbdir, həyat məktəbidir".

 

Ekspert onu da bildirir ki, Azərbaycan peşəkar orduya keçən zaman, ali təhsillilər üçün hərbi xidmətin 6 ay, orta məktəb bitirənlər üçün isə 1 il olacağı gözlənilir.

 

"On milyonluq əhalinin resursu ilə səksən milyondan çox əhalinin resursunu yaxud da iki yüz milyonluq əhali resursunu müqayisə etməməliyik. Avropada qonşuları İsveç, Norveç, Hollandiya, Danimarka olan ölkə ilə gətirib Azərbaycanı müqayisə etmək olmaz. Bu çağırış sistemində hansı regionda olduğumuzu, qonşularımızın kim olduğunu nəzərə almalıyıq".

 

Ekspert sonda qeyd edir ki, Azərbaycanda Türkiyə modelinə uyğun olaraq peşəkar orduya sürətli keçid başlayıb və qeyd edilən faktorların hamısı təhlil edilir, xüsusi təyinatlıların sayının isə artırılması nəzərdə tutulur.

 

Gülay Qəribova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər