00:00:00
Yazar
Admin User
18.08.2025 19:50 179 7 dəq oxuma
Maraqlı

AMALDA DA, ƏMƏLDƏ DƏ GÖZƏL BİR TÜRK XANIMI

AMALDA DA, ƏMƏLDƏ DƏ GÖZƏL BİR TÜRK XANIMI

Qarşımda bir kitab var. Tənzilə Rüstəmxanlının “Nə mutlu Türküm deyənə!” kitabı. İlk olaraq onu deyim ki, uzun illərdi Tənzilə xanımı millətçi, türkçü, dövlət maraqlarını hər şeydən, hətta şəxsi maraqlarından da üstün tutan bir xanım kimi tanıyıram. Ona görə də kitabı həvəslə açdım, vərəqlədim və oxumağa başladım. Oxuyarkən yazıçı-publisist Rafael Hüseynovun “Vaxtdan uca” əsərində söylədiyi bir fikrini xatırladım: “Maraqlı kitab hökmən oxucusunu düşüncələrə qərq edir, onun sevimli müsahibinə çevrilir”.

     

Təpədən-dırnağa, bütün varlığı ilə türkçülük-turançılıq ideologiyasının sadiq və yorulmaz təbliğatçısı, təmsilçisi olan Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının “Nə mutlu türküm deyənə” adlı kitabı ilk cümləsindən son cümləsinə kimi nəinki məni düşündürdü, sevimli müsahibimə çevrildi, hətta bir qürur hissi keçirməyimə səbəb oldu. Bütün qəlbi, qələmi ilə bağlı olduğu türkçülük idealı millətinə, məmləkətinə duyduğu sonsuz sevginin təzahürüdür ki, onu Türk Dünyası Araşdırmaları Vəqfinin Başkanı Turan Yazqan “Tənzilə Sultan” adlandırıb. Çoxlarının türk sözünü dilinə gətirməyə qorxduğu bir vaxtda belə (indi bu türkçü xanımların sayı hesabı çoxalıb) Tənzilə xanım ulu Xatunlarımız kimi bu çətin və şərəfli yolun yolçusuna çevrilərək Böyük Türk Dünyası qarşısında türkçülüyün təbliğinə başladı. 

 

 ...1988-1990-cı illər. Ölkəmizdə ictimai-siyasi vəziyyətin çox gərgin, ziddiyyətli bir vaxtı Tənzilə xanım “Vətəndaş olmaq... Vətənin daşına-torpağına qurban olmaq, daşlaşan sinələrə Vətən sevgisi toxumlarını əkmək, sinələrdə boy atan sevgi fidanlarını göz yaşlarıyla sulamaq, onları qəlbinin hərarətilə yetişdirmək qeyrəti” ilə bu çətin yolun yolçusuna çevrildi. Xalq şairi Bəxtiyar Vahabzadə demiş: “Onun hər bir zaman türk milli haqqını önə çəkməsi və bu haqqın müdafiəçisi olması” əsərlərində, bəyanatlarında, çıxışlarında, əməllərində və amallarında öz parlaq əksini tapdı”.

    

Ağlı kəsəndən bu qoca Dünyanın əzəmətli və vüqarlı Türk dünyasına birmənalı münasibətini görəndən, duyandan türk milli varlığının keşiyində dayanmağı, onun uğrunda mübarizə aparmağı bir Azəri-türkü kimi qarşısına qoydu və illər sonra bu “sırada adını ön cərgədə çəkə biləcəyimiz” bir Türk Xatunu kimi tanındı, sevildi - Tənzilə xanım! “Dünya hər zaman türkün haqqına qarşı çıxıb” söyləyən Tənzilə xanım uzun illərdi bu haqqın uğrunda sözü, əməli ilə vuruşur...

     

Zamanla, Tarixlə qoşa yol gələn, “tarix içində tarix yaradan” Türk! Böyüklüyü, fatehliyi, əzəməti, paklığı və ədalətilə “40 əsrlik yol keçib gələn Türkə Tarix özü ad qoydu: “Tarixlərə hakim olan Millət!”.

    

XVIII əsrin fransız filosofu Şarl Lui Monteskye yazırdı ki: “Dünyanın heç bir xalqı fatehlik şöhrəti və əzəməti ilə Türklərlə yarışa bilməz... Bu müzəffər xalqın yalnız tarixçiləri çatışmayıb ki, onların ağlagəlməz qələbələrinin şöhrətini yaysınlar, nə qədər ölməz əməlləri əbədilik dəfn olunub. Türklər tarixlərini bilmədiyimiz nə qədər dövlətlərin əsasını qoyublar”. 

     

Dünyanın tən yarısının “son yüzilliyədək Türk hakimiyyəti altında olması” bir daha bu millətin böyüklüyündən, əzəmətindən xəbər vermirmi?! Bu gün yenidən öz əzəməti ilə Türkün düşmənlərini lərzəyə salan Türkiyə bütün dünya türklərinin paytaxtıdır- fikrinı kitabının hər sözündə, cümləsində vurğulayan Tənzilə xanım kimi bütün varlığı ilə türkçülüyün təbliğatçısı olan professor Nizaməddin Şəmsizadə yazır ki: “Türkiyə təkcə bir ölkənin adı deyil, arxasında Türk Cümhuriyyətləri, küllən Türk milləti dayanan möhtəşəm bir Türk qibləgahıdır”.

   

Elə ona görə də uzun illər belə böyük bir tarixə, şöhrətə malik olan bir Millətə öz keçmişinə, dünəninə sahib çıxmaq, onu bəyan etmək yasaq edilərək öz içindən parçalandı, bölündü... Şair demiş:

                       O hansı Millətdir-taleyi sirdir?!

                    Yüz adla bölündü... Yenə də birdir!

   

Bu birliyin əsasını ulu əcdadlarımızdan üzü bəri, yaxın keçmişimizdə Əli bəy Hüseynzadə, Əhməd Ağaoğlu, Məhəmməd Hadi, Hüseyn Cavid, Məhəmməd Əmin Rəsulzadə, Mirzə Bala Məhəmmədzadə kimi yüzlərlə yazarlarımız qoydu. 20-ci yüzilliyin birinci onilliyində romantik ədəbi məktəbin yaradıcısı olan türkçü-turançı Əli bəy Hüseynzadə tərəfindən ortaya atılan “Bizə fədai lazımdır. Türk qanlı, müsəlman etiqadlı, firəng fikirli, avropa qiyafəli fədai” tələbi yüzilliyin ikinci onilliyində müsavatçılar tərəfindən “türkləşmək, islamlaşmaq və avropalaşmaq (müasirləşmək)”formasında təkmilləşdirilərək Azərbaycan Xalq Cümhuriyyətinə doğru yüksəldi. 

   

Ə.Hüseynzadənin rəhbərliyi altında siyasi milli ideoloji hərəkata çevrilərək geniş vüsət alan bu ideologiya böyük türk xalqlarını şərəfli bir millət kimi yaşatmaq, azadlığını, müstəqilliyini qazanmaq tələblərindən yaranmışdı. Odur ki, bu ideologiya az bir zamanda xalqın mədəni və siyasi hüquqlarını müdafiə edən milli ideologiyaya çevrildi. Siyasi türkçülük adlanan bu ideologiya özünün ictimai-siyasi mahiyyəti ilə müstəmləkəçiliyin qərarlaşdığı dövrün azadlıq məfkurəsi oldu. 

   

Unutmayaq ki, sələflərimiz bu məfkurəni davam etdirəcək zəngin bir irs qoyub getmişlər. Xələflərin borcu isə həmin mənəvi irsi mühafizə edərək, gələcək nəsillərə ötürmək, ondan ağılla, səbrlə, təmkinlə bəhrələnməkdir ki, Tənzilə xanım bu müqəddəs missiyanı həm sözü, həm əməli ilə layiqincə yerinə yetirməklə bir daha sübut etdir ki, o, klassiklərimizin amalına sadiq, əməlinə layiq varisdir. 

  

Tənzilə xanımın ata-baba yurdu bu gün yağı düşmən tapdağında inildəyir. Qərbi Azərbaycanın Amasiya rayonunun Qaraçanta kəndində dünyaya göz açan Tənzilə xanımın həm ata, həm ana tərəfi eldə-obada sayılıb-seçilən, alicənab, əliaçıq, abırlı-həyalı bir nəsil olub. Qaraçantada “Savadlılar tayfası” kimi tanınan bu nəsil rayonun ilk ziyalıları, əməkdar müəllimləri, məhz kənddə ilk ali təhsil alan qadınları ilə məşhur idi. Belə bir nəsildən olan Tənzilə xanım bütün varlığı ilə kökünə-soyuna, keçmişinə bağlı əsl türk xanımı kimi böyüyüb, boya-başa çatıb, təhsil alıb. Çoxlarından fərqli olaraq milli kimliyi, haradan gəlib-haraya getməsi, marağı ilə tarixini, keçmişini öyrənib və millətinə qarşı edilən haqsızlıqlar uğrunda mübarizəyə qalxıb. Min bir əzabla Qaraçantadan başlanan bu yolu bu gün böyük Türk dünyasında davam etdirir. Səsi-sorağı dünyanın daha uzaq yerlərindən gələn xanım Almaniya, ABŞ, Hollandiya, İsveçrə, İtaliya, Yuqaslaviya, Çexoslovakiya, Türkiyə, İran, Şimali Qafqaz, Orta Asiya, Gürcüstan və digər ölkələrdə keçirilmiş bir çox beynəlxalq və regional konfransların təşkilatçısı və iştirakçısı olmuşdur.

  

 “Mən türk olduğuma görə qürur duyuram” söyləyən xanım uzun illərdi bu müqəddəs misiyanın gənclərə aşılanması üçün bütün varlığı ilə çalışır. Elə ona görə də onu bu yolda “nadir şəxsiyyətlərdən biri” adlandıranlar məncə heç də yanılmırlar. Bütün həyatını türk milli kimliyinin dərk edilməsi üçün mücadilə edən bu fədakar xanım çox vaxt bu savaşda haqsız ittihamlara da tuş gəlib, təziqlərə də məruz qalıb. Amma millətinə olan sevgisi, sayğısı ona bu yolda güc verib. Kiçik yaşlarından türk xalqına edilən haqsızlıqlar onun da balaca qəlbinə sağalmaz yaralar vurub. Babasının var-dövləti əlindən alınaraq sürgün edilib, dayıları didərgin düşüb, nənəsi Şahnisə xanım qəlbində Qars həsrəti qübar edərək dünyasın dəyişib, sağ qalan doğmaları eldən-obadan didərgin düşərək ordan-bura, burdan-ora köç edib, yurdunu-yuvasını itirib. İtki dərdi. Yurd-yuva itkisi dərdi illərdi Tənzilə xanımı içindən göynədir, yandırır. Yurd itkisi dərk edənə böyük dərddir. Bəli, dərk edənə... Məhz dərk edənə! Qəlbində daşıdığı bu ağrı-acını ovundura bilməyən Tənzilə xanım uzun illərdi mücadiləyə qalxaraq millətinin azadlığı, birliyi uğrunda mübarizə edir.

    

İstər ölkə daxilində, istər xaricində yalnız bir ideya, bir amal uğrunda çalışan Tənzilə xanım “dərin kökümüz, əmanət yükümüz, qeyrət gücümüz olan –MİLLİ RUH”umuzun varlığını sağlam təməllər üzərində qurmaqla Böyük Türk Dünyasının birliyinə çağırış edir, yol göstərir... Konfranslarda, yığıncaqlarda, elmi seminarlarda, məqalə və çıxışlarında Türk gəncini bu ideya, bu məslək ətrafında sarsılmaz birliyə çağırışı bir daha sübut edir ki, Tənzilə xanım bütün varlığı ilə Türkçüdür-Turançıdır! 

 
Qarşımdakı kitabda onun bu amal uğrunda apardığı gərgin mübarizə əks edilib. Çox çətin və şərəfli mübarizənin arxasında yuxusuz, gərgin gecələri, zəhməti duran bu incə qəlbli, zərif duyğulu xanımın qəlbində necə böyük bir “Türk  sevdasının” olduğuna heyran oldum.

 

“Məqsədə çatmaq üçün öz canını fəda etmək böyük insanlara xas olan keyfiyyətdir”. Məhz “Nə mutlu türküm diyənə” kitabını oxuduqca bir daha bəlli oldu ki, Tənzilə xanım da öz müqəddəs amalına- “Turan dünyasının birliyinə” çatmaq və qovuşmaq, bu yolda hər bir çətinliyi dəf etmək üçün canını belə fəda etməkdən çəkinmir. 

    

Böyük Turan dünyasına bağlı olan və bütün Qafqaz türklərini çox sevən, onun tərəqqisinə sevinən, kədərinə üzülən türk ideoloqu İ.Qaspiralının “sözdə, fikirdə, işdə birlik” amalını dönə-dönə təbliğ edən bu kitabı oxumağa tələs, Türk gəncliyi! Çünki bu əsər səni Böyük və Əzəmətli Türk Dünyası Birliyinə qovuşdurmaq üçün birliyə səsləyən bir çağırışdır. Hər sözündə, hər cümləsində əzəmətli türkçülük sevdası olan bu dəyərli əsəri oxumağa və düşünməyə dəyər, Türk gənci!

     

Sonda üzümü sənə tuturam ey böyük və əzəmətli tarixə, mədəniyyətə, mənəviyyata sahib olan, tarix boyu dünyaya meydan oxuyan, Türk dünyası-Türk gəncliyi! Qalx ayaqa, BİR OL, qoru ərənlərindən sənə miras qalan Türkçülüyü. Qüdrətli, əzəmətli, bütöv, böyük Türk dünyasını yaratmaq və yaşatmaq üçün BİR OL- Türk gəncliyi! Tənzilə xanım demiş: “...Böyük Türk sevdasının fəaliyyəti hər zaman gələcək nəsillərə nümunədir. Çünki onun vətən sevgisində təmənnası yoxdur. Amalı bəlli, məqsədi ortada...”

 

               “Kaspi” qəzeti,  fevral 2014

        

BDU-nun professoru Qərənfil Dünyaminqızı



#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər