AMEA: “Gənc nəslin elmə marağı azdır”
Azərbaycan Milli Elmlər Akademiyası gənc nəslin elmə marağının azlığından şikayətlənir.
Qurum rəhbərliyi gəncləri elmə cəlb etmək üçün görülən işləri intevsivləşdirməyi planlaşdırır. Milli Elmlər Akademiyasında orta yaşlı elmlər doktorlarlarının sayı 60%-təşkil edir. Elmə yeni gələn, 30 yaşına qədər müdafiə edən gənclərin isə sayı azdır.
AMEA-nın vitse-prezidenti İsa Həbibbəylinin sözlərinə görə, rəhbərlik etdiyi qurum yeni nəsli elmə cəlb etmək üçün müxtəlif addımlar atır. Gənclərin daha aktiv elmi fəaliyyətə cəlb olunmasına çalışır: “Bizim istəyimiz odur ki, gənclər müdafiə üçün yubanmasınlar. Elmlər namizdəliyindən doktorluğa keçiddə gecikməsinlər. 30 yaşına qədər həm keyfiyyət, həm də kəmiyyətcə savadlı kadrların yetişməsi vacibdir”.
Bundan əlavə, gənclərin beynəlxalq təcrübədən yararlanması üçün işlər intensivləşdirilib. Xaricə göndərilən gənc doktorantların sayında bir neçə dəfə artım var.
