Ana dili
Dil bir xalqın ruhu, kimliyi və yaddaşıdır. Ana dilini qorumaq və inkişaf etdirmək milli mədəniyyətin yaşaması üçün ən vacib şərtlərdəndir. Hər bir nəsil dilinə sahib çıxmaqla həm tarixini, həm də gələcəyini qorumuş olur.
Mövzu ilə bağlı filologiya üzrə fəlsəfə doktoru Elşad Abışov “İnformator.az”a açıqlamasında bildirib ki, hər bir dilin tarixi o dildə danışan xalqın tarixi ilə bağlıdır:
“Azərbaycan dili də tariximizlə sıx bağlıdır. 16-cı əsrdə Şah İsmayıl Xətai yazırdı ki, 3 şey qoyub gedirəm: dilimiz, torpağımız, qeyrətimiz. Dil düşüncənin məhsuludur. Təsadüfi deyildir ki, 19-cu əsrin sonlarında Alman filosofu, fəlsəfi dilçiliyin banisi Humboldt yazırdı ki, xalqın ruhu onun dili, xalqın dili onun ruhudur. Dil milli düşüncənin məhsuludur. Milli dilin qorunması üçün dövlətin və millətin üzərinə böyük məsuliyyət düşür. Mənə elə gəlir ki, dövlət bunun üçün kifayət qədər diqqət ayırıb. Məsələn, ümummilli Heydər Əliyevin dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi, ana dili gününün təsis olunması ilə bağlı sərəncamları, o cümlədən, Cənab Prezident İlham Əliyevin ana dilimizlə bağlı imzaladığı sərəncamları misal göstərə bilərəm”.
Müsahibimiz eyni zamanda bildirib ki, dilimizə sahib çıxmalıyıq:
“Dilimizin təbliği ilə məşğul olmalıyıq. Ana dilimizi yad təsirlərdən qorumalı və saflaşdırılması üçün addımlar atmalıyıq. Təhsil və mədəniyyət sahəsində dilin inkişafı üçün lazımlı addımlar atılır. Əlavə olaraq təhsil və mədəniyyəti bir-birindən ayırmalıyıq. Bu gün Azərbaycanda rus dilli bölmələr var. Hamıya məlumdur ki, kim hansı dildə təhsil alırsa, o dilə mənsub olan düşüncəni daşıyır. Bir növ milli düşüncədən uzaqlaşır. Ona görə də çalışmalıyıq ki, uşaqlarımızı ana dilində təhsilə yönləndirməliyik. Mədəniyyət sahəsində isə televiziya verlişlərində ədəbi dilin normalarına tabe olunmalıdır. Televiziyalarımızda Azərbaycan xalqının taleyi ilə bağlı xüsusilə də Azərbaycan xalqının qəhrəmanlıq tarixi ilə bağlı serialların çəkilməsinə imkan yaradılmalıdır. O seriallarda da, filimlərdə də Azərbaycan dilinin həmin dövrlərdə vəziyyətinə diqqət yetirilməlidir. Bundan əlavə televiziyalarda azyaşlı uşaqların milli ruhda böyüməsi üçün məzmunlu, maraqlı çizgi filmlər də hazırlanmalıdır”.
Banuçiçək Məmmədova
