"ANA, NARAHAT OLMA AC QALMIRIQ, TEZLİKLƏ GƏLƏCƏM"
2023-cü ilin aprelində Naxçıvanın Şahbuz rayonunda Ermənistanla sərhəd ərazidə əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşən Aqşin Bəbirov anasına zəng edib. Aqşinin anası Dürdanə xanım deyir ki, əlaqə Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) vasitəsilə qurulub. “Onlr bizə dedilər ki, gələn həftə çalışacağıq sizi danışdıraq. Elə qafıl zəng gəldi, həmin an gözləmirdim. 3-cü, 4-cü gün dedilər. Birinci gün, hardasa 12 var idi, ya yox idi, bir anda zəng gəldi. Baxdım ki, yad nömrədi, m ki, jurnalistlər də yığır, açan kimi baxdım ki, saqqalın içində mənə baxır. Nətər çığırmışamsa....”
3 ayda 3-cü dəfədir balasını telefonda gördüyünü deyən ana əvvəlki iki zəngdən fərqli olaraq bu dəfə oğlunun daha yaxşı göründüyünü bildirir. Hətta Aqşin bacısı ilə belə söhbət edə bilib. “Anama dedi ki, Aylini çağır görüntülüyə onu görüm, məni görəndən sonra da mənə dedi ki, necəsən, ömrüm? Məni görən kimi üzü güldü. O mənlə həmişə oynayırdı, indi onun üçün darıxıram”.
Artıq 4 aya yaxındır ki, Aqşinin yolunu gözləyən ailə tezliklə övladlarına qovuşacaqları günü iplə çəkir. “Dedi ki, mama narahat olma, ac qalmırıq. Narahat olma, ac qalmırıq, yaxşıyam, inşallah gələcəm, səbrli olun”. Dürdanə xanım deyir ki, bilmir sevincdi, dərddi, kədərdi - hamısını eyni anda yaşayır.
Xatırladaq ki, Aqşin Bəbirov və Hüseyn Axundov Naxçıvanın Şahbuz rayonunda Ermənistanla sərhəd ərazidə əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər. Ermənistanın məhkəmələrinin qondarma qərarları ilə Aqşin Bəbirov 11 il 5 ay, Hüseyn Axundov isə 20 il müddətinə azadlıqdan məhrum ediliblər. Rəsmi Bakı Azərbaycan əsgərlərinin azadlığa buraxılması üçün beynəlxalq təşkilatlara dəfələrlə müraciət göndərib.
LAMİYƏ
