Anglo-sakson monastırı qazıntısı 250 min funt sterlinq maliyyə alıb
VIII əsrə aid Anglo-sakson monastırı ilə bağlı tədqiqatlar Milli Lotereyanın ayırdığı maliyyə vəsaiti sayəsində davam etdiriləcək.
Reading Universitetinin arxeoloqları 1 200 il əvvəl Mersiya kraliçası Kinetritinin (Cynethryth) idarə etdiyi Cookham Abbey monastırında qazıntılar aparırlar. Berkşir qraflığında, Temza çayı sahilində yerləşən bu ərazi artıq bir sıra tapıntılarla diqqət çəkib. Bunlara yaxşı qorunmuş su dəyirmanı və monastır qəbiristanlığından aşkar edilmiş onlarla dəfn daxildir.
Milli Lotereya İrs Fondunun ayırdığı 249 755 funt sterlinqlik qrant tədqiqatların və şərhlərin davam etdirilməsinə, həmçinin ictimaiyyət üçün maarifləndirici və tanıtım proqramlarının həyata keçirilməsinə imkan verəcək.
Reading Universitetinin komandası Cookham, Berkşirdə yerləşən bu Anglo-sakson abidəsini ilk dəfə 2021-ci ildə aşkar edib. O vaxtdan bəri tələbələr və universitet əməkdaşları hər il bu ərazidə və yaxınlıqdakı qəbiristanlıqda qazıntılarda iştirak edirlər.
Bu tədqiqatlar Cookham Abbey-ni İngiltərədə xristianlığın ilkin dövrlərində monastır həyatını anlamaq baxımından mühüm bir mərkəzə çevirib.
Gələn yay keçiriləcək qazıntılar ilboyu davam edəcək tədbirlər proqramı ilə müşayiət olunacaq. Bu proqram çərçivəsində arxeoloji tapıntıların nümayişi, virtual reallıq təcrübələri və məktəblər, icma qrupları və qocalar evləri üçün hekayəçilik seminarlarını əhatə edən səyyar tədbirlər təşkil olunacaq.
Bundan əlavə, Cookham Abbey-ni Temza çayı boyunca yerləşən digər qədim abidələr və təbii irs məkanları ilə birləşdirən irs yürüşləri də planlaşdırılır.
Layihə çərçivəsində tədqiqat nəticələrini əks etdirən onlayn resurslar, artefakt və fotoşəkillərdən ibarət kurasiya olunmuş sərgi də yaradılacaq.
Reading Universitetində aparılan qazıntılara rəhbərlik edən professor Qabor Tomas bildirib ki, bu maliyyə “transformasiyaedici” əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, bu dəstək həmin son dərəcə əhəmiyyətli abidənin daha dərindən öyrənilməsinə imkan verəcək və xüsusilə yerli icmalarla ictimai əlaqələr sahəsində ciddi irəliləyiş yaradacaq.
BBC
Reyhan Quliyeva
