00:00:00
Yazar
Lalə Qafarova
16.04.2026 18:08 25 1 dəq oxuma
Media

"Anlamadığınız mətni oxumayın" - Teleradio Akademiyasında nələr müzakirə olundu? 

"Anlamadığınız mətni oxumayın" - Teleradio Akademiyasında nələr müzakirə olundu?

"Efirdə necə gəldi danışıb, sonra bunu “xalqın dilində danışırıq” bəhanəsi ilə sığortalamaq peşəkarlıqdan yayınmaqdır”. 

 

"İnformator.az" xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının əməkdar artisti, teleaparıcı Nərgiz Cəlilova AzTV-nin Teleradio Akademiyasında keçirilən dərs zamanı səsləndirdi. 

 

Təlim zamanı səs tonu, məntiqi vurğu, efir etikası və tamaşaçı ilə düzgün ünsiyyət qurulması kimi fundamental mövzular ətrafında geniş fikir mübadiləsi aparıldı. 

 

Nərgiz Cəlilova vurğuladı ki, efirdə səmimiyyət süni şəkildə yaradılan bir element deyil. Onun əsas şərtlərindən biri qarşı tərəfi dinləmək və anlamaq bacarığıdır. Əgər aparıcı mətni peşəkarcasına oxuyursa, intonasiyanı və vurğuları düzgün yerinə qoyursa, səmimiyyət təbii bir nəticə kimi öz-özünə yaranacaq.

 

Xüsusilə radioda səsin yeganə alət olduğunu xatırladan əməkdar artist bildirdi  ki, görüntünün olmadığı yerdə tamaşaçı aparıcını yalnız səsi ilə qəbul edir. Buna görə də səsin rəngi, onun qulağa yatımlılığı və düzgün tənzimlənməsi həlledici rol oynayır. 

 

Təlimçi efir çıxışlarında dialekt və şivədən istifadənin yolverilməz olduğunu qeyd edərək, efirə çıxan hər bir şəxsin təmiz, ədəbi və səlis Azərbaycan dilində danışmağa borclu olduğunu xatırlatdı. 

 

Onun sözlərinə görə, aparıcı əvvəlcə mətni özü tam anlamalı, sonra onu tamaşaçıya ötürməlidir. Çünki başa düşülməyən mətni auditoriyaya çatdırmaq qeyri-mümkündür. 

 

Görüşün praktiki hissəsində iştirakçılar xəbər mətnləri üzərində işləyərək düzgün pauza və məntiqi vurğuların tətbiqini sınaqdan keçirdilər.

 

Elsa Abdullayeva

#media #teleradioakademiyası #aztv
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər