Antidopinq maarifləndirməsi təmiz idman mədəniyyətinin əsasını qoyur
Azərbaycan Gimnastika Federasiyasının idmançıları üçün antidopinq qaydalarına dair maarifləndirmə seminarı keçirilib.
Mövzu ilə bağlı Azərbaycan Milli Antidopinq Agentliyinin mətbuat xidmətinin rəhbəri Səxavət Quliyev “İnformator.az”a açıqlamasında bildirib ki, antidopinq mövzusunda keçirilən seminarlar idmançıların peşəkar hazırlığının mühüm tərkib hissəsi olmaqla, onların yalnız qaydalarla tanışlığını deyil, eyni zamanda şəxsi məsuliyyət və etik davranış anlayışının formalaşmasını təmin edir:
“Bu təlimlər vasitəsilə idmançılar dərman vasitələri və qida əlavələrinin istifadəsi ilə bağlı düzgün qərarvermə bacarığı qazanır, potensial riskləri əvvəlcədən dəyərləndirməyi öyrənir və karyeraları ərzində üzləşə biləcəkləri hüquqi və sağlamlıq riskləri barədə məlumatlandırılır. Bununla yanaşı, seminarlarda idmançılara terapevtik istifadə üçün istisna prosedurları, dopinq nəzarəti prosesinin mərhələləri, eləcə də idmançı hüquq və öhdəlikləri haqqında sistemli biliklər təqdim olunur”.
Müsahib e-tədris formatlarının tətbiqindən də söz açıb:
“Agentlik antidopinq maarifləndirmə fəaliyyətlərini beynəlxalq təcrübəyə uyğun olaraq müxtəlif formatlarda həyata keçirir. Üzbəüz seminarlarla yanaşı, vebinarlar və e-tədris formatlarının tətbiqi də prioritet istiqamətlərdəndir. Rəqəmsal platformalar və interaktiv təlim materialları vasitəsilə məlumatların daha əlçatan, davamlı və praktik şəkildə çatdırılması prioritet təşkil edir. Xüsusilə Ümumdünya Antidopinq Agentliyinin (WADA) ADEL platforması kimi beynəlxalq e-tədris resurslarından geniş istifadə idmançıların və idman mütəxəssislərinin istənilən vaxt təlimlərə qoşulmasına imkan yaradır. İdmançılar, məşqçilər, tibb işçiləri, valideynlər və gənc idmançılar üçün ayrıca hədəflənmiş və ehtiyaclara uyğunlaşdırılmış maarifləndirici proqramların hazırlanması agentliyin əsas prioritetləri sırasında qalır. Gənc idmançıların erkən yaşlardan antidopinq qaydaları ilə tanış olması sağlam idman dəyərlərinin və təmiz idman mədəniyyətinin formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır”.
Zəhra Möhübbətova
