Apastrof Azərbaycan əlifbasına qayıtsın?
Apastrofun yenidən Azərbaycan əlifbasına salınması təklif edilir.
İnformator xəbər verir ki, BDU-nun professoru, media mütəxəssisi Nəsir Əhmədli “Facebook” səhifəsində məsələyə münasibət bildirib. Mütəxəssis yazır: “Son vaxtlar Azərbaycan dilinin orfoqrafiya qaydaları və orfoqrafiya lüğəti ilə bağlı müzakirələr gedir. Əsas mövzulardan biri də apostrofa münasibətdir. "Jurnalistin nitq mədəniyyətinin əsasları" kitabımdan (Elm və təhsil, 2014) bir hissəni (sıh. 127-129) təqdim edirəm. Bəlkə, faydalı oldu:
"Bilindiyi kimi, dilimizə ərəbcədən daxil olmuş bir para sözlərdə e, ə və ö saitlərinin uzun, bəzi sözlərdə isə hecalar arasındakı qeyri-standart bölgünün yerini və sonrakı saitin aydın deyilməli olduğunu bildirmək üçün uzun müddət xüsusi sətirüstü işarədən - apostrofdan (') istifadə edilib, onun yazıda saxlanılıb-saxlanılmaması XX əsrdə həmişə müzakirə obyekti olub və burada 3 mövqe görünüb:
1. Apostrof lazım deyil; 2. Lazımdır; 3. Yalnız klassik ədəbiyyatdakı sözlərdə lazımdır.
Ardı-arası kəsilməyən mübahisələrdən, müzakirələrdən sonra indi əlifbamızda bu işarə yoxdur. Bəs bundan əvvəl vəziyyət necə idi?
Azərbaycan dilinin 1975-ci ildə çapdan çıxmış orfoqrafiya lüğətində 100-ə yaxın sözdə saitdən (mə'lum, mö'min, şö'bə və s.), təxminən 20 sözdə isə samitdən [bid'ət (dinin qəbul etmədiyi yenilik), məş'əl, hey'ət və s.] sonra apostrof var idi (eyni kökdən yaranmış düzəltmə və mürəkkəb sözlər bu saya daxil deyil, yəni və'd, və'də, və'dəbaşı, və'dələşmə, və'dələşmək kimi sözlər bir söz sayılıb). Bu sözlərdən təxminən 30-u [e'dad (hazırlama, layiq olduğu vəziyyətə gətirmə), e'zaz (əzizləmə), e'raz (təsadüf), zilqə'də (Qəməri ilinin 11-ci ayı), mə'kulat (azuqə)] müasir dilimizdə işlənmir, təxminən 60 sözdə (və'd, mə'rəkə, mə'rifət, mö'tərizə və s.) apostrof formal xarakter daşıyır, yəni saitin uzun tələffüz olunmasma xidmət etmirdi (Apostroflu və apostrofsuz sözlərı bir-birindən ayırmaq çətin oldüğundan bir para müəlliflər çox vaxt bu işarəni qəbul, əyani, yəqin sözlərində də qoyur, onları qə'bul, ə'yani, yaxud əya'ni, yə'qin formasında yazırdılar. Həqiqətən də, apostrofla yazılan mə'rifət sözündəki birinci ə apostrofsuz yazılan qəbul sözündəki ə-dən az uzanır ki, çox uzanmır). Cəmi 4 sözdə apostrofun qoyulmaması kontekstdən kənarda mənanın dəyişilməsinə səbəb olurdu: bə'zən (arabir) - bəzən(mək); ə'yan (zadəgan) - əyan (aydın); nə'rə (hayqırtı) - nərə (baliq); sə'y (çalışma, cəhd) - səy (ağılsız). 2-ci qrupa daxil oİanların (apostrofun qalmasını istəyənlərin) əsas tutarqası da məhz bu sözlər idi. Göründüyü kimi, apostrofun lazımsızlığı fikirini irəli sürənlər və onları dəstəkləyənlər başqalarına nisbətən daha çox haqlı idilər, lakin 2-ci və 3-cü qruplara daxil olanların da narahatlığını anlamaq çətin deyildı. O vaxt nəşr olunmuş dərs vəsaitlərində biz hər üç mövqeni ümumiləşdirib təklif etmişdik ki, apostrof bir işarə kimi dilimizin qrafikasında qalsın, lakin sözlərin bir qisimi (vəd, istefa, mərəkə, rəy və s.) apostrofsuz yazılsın, sə'y göstərmək birləşməsi onun milli sinonimi olan çalışmaq feili ilə əvəzlənsin, mənası dəyişilən 3 sözdə (bə'zən, ə'yan, nə'rə) və Avropa dillərindəki bir sıra soyadlarda (d'Annunsio, d'Artanyan, O'Neyl, O'Henri və s.) apostrof saxlanılsın. İndi də bu fikirimizdə qalır və hesab edirik ki, apostrofu başqa bir məqamda da tətbiq etmək lazımdır.
Fikirimizi aydınlaşdırmaq üçün iki cümləyə nəzər salaq:
Alman almanı yerdən qaldırdı;
Kəndzaburo Oenin əsərlərində bəşəri problemlər qoyulub.
Birinci cümlənin ikinci sözünün kökünü kontekstdən kənarda müəyyənləşdirmək mümkün olmadığından oxucu onu iki mənada qavrayır: 1. Alman alma+nı (meyvəni) yerdən qaldırdı; 2. Alman alman+ı (soydaşını) yerdən qaldırdı (Bu hal bir sıra başqa sözlərdə də yarana bilər: mədə+nin - mədən+in, ara+nın - aran+ın, tara+nın - taran+ın və s.). İkinci cümlədə isə Yaponiya yazıçısının soyadı Azərbaycanda geniş yayılmadığından oxucuların çoxu hətta kontekst daxilində belə, həmin soyadın orijinalda necə (Oe, yoxsa Oen) olduğunu tapmaqda çətinlik çəkir. Göstərilən cümlələr belə yazılsa, anlaşılmazlıq dərhal aradan qalxar:
1. Alman alma'nı yerdən qaldırdı, yaxud Alman alman'ı yerdən qaldırdı;
2. Kəndzaburo Oe'nin əsərlərində bəşəri problemlər qoyulub.
Yeri gəlmişkən deyək ki, apostrofun lazımi məqamlarda söz kökünü (Əsas da xüsusi isimləri) şəkilçilərdən ayırmaq funksiyasından Anadolu türkcəsində çoxdan istifadə olunur".
