Aqrar sahədə məhsuldarlıq niyə aşağıdır? – Ekspertdən açıqlama
Prezident İlham Əliyev kənd təsərrüfatı sahəsində görülən işlər və qarşıda duran vəzifələrlə bağlı bildirib ki, vaxtilə sıradan çıxmış baramaçılıq dövlət dəstəyi nəticəsində yenidən bərpa olunub, ipəkçilik isə inkişaf etməyə başlayıb. Dövlət başçısı bir sıra istiqamətlərdə mühüm nəticələrin əldə olunduğunu qeyd etsə də, son dövrlərdə kənd təsərrüfatı istehsalındakı dinamikanın onu qane etmədiyini vurğulayıb.
Bu səbəbdən Prezident Administrasiyası tərəfindən hökumətə kənd təsərrüfatının inkişafı ilə bağlı yeni dövlət proqramının hazırlanması tapşırılıb. Bildirilib ki, proqram dövlət və özəl investisiyaları əhatə etməli, konkret hədəflərə əsaslanmalı və qısamüddətli dövrü əhatə etməlidir.
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli “İnformator.az”a açıqlamasında bildirib ki, aqrar sahədə struktur problemləri, texnoloji gerilik və iqlim çətinlikləri səbəbindən real məhsuldarlığın aşağı düşməsi ölkənin həm ərzaq təhlükəsizliyini, həm də kənd əhalisinin sosial-iqtisadi vəziyyətini ciddi risk altına qoyur:
“Son illərdə aqrar sahədə inkişaf tempinin zəifləməsinin əsas səbəblərindən biri islahatların daha çox subsidiya və statistik göstəricilər üzərində qurulması, real məhsuldarlıq və bazar rəqabətinin isə ikinci planda qalmasıdır. Fermerlərin böyük hissəsi kiçik təsərrüfatlarla fəaliyyət göstərir, müasir texnologiya və suvarma imkanlarına çıxış məhduddur. İqlim dəyişiklikləri, su çatışmazlığı, torpaqların deqradasiyası və kənd yerlərində əmək qüvvəsinin azalması da vəziyyəti ağırlaşdırır. Digər problem kənd təsərrüfatı məhsullarının emalı və satış zəncirinin zəif olmasıdır. Fermer istehsal edir, amma məhsulu sərfəli qiymətə sata bilmir. Bu isə insanların aqrar sahəyə marağını azaldır. Mövcud vəziyyət ərzaq təhlükəsizliyi baxımından ciddi risklər yaradır. İdxaldan asılılıq artır, daxili bazarda qiymətlər daha həssas olur və kənd yerlərində sosial problemlər dərinləşir. Əgər məhsuldarlıq artmasa, yaxın illərdə həm kənd əhalisinin gəlirləri azalacaq, həm də ölkənin strateji ərzaq təminatı daha riskli vəziyyətə düşəcək”.
Ekspert vurğulayıb ki, əvvəlki dövlət proqramlarının əsas problemi ümumi və ölçülməyən hədəflər, zəif nəzarət, səmərəsiz subsidiya sistemi və aqrar sektorda idarəetmə, texnologiya, suvarma və bazara çıxış problemlərinin qalması idi:
“Əvvəlki dövlət proqramlarının əsas zəif tərəfi onların çox geniş və ümumi hədəflərlə hazırlanması idi. Kağız üzərində böyük məqsədlər qoyulurdu, amma nəticəni ölçən konkret mexanizmlər zəif olurdu. Bir çox hallarda ayrılan subsidiyalar məhsuldarlığa deyil, sadəcə əkin sahəsinin mövcudluğuna görə verilirdi. Hesabatlılıq və nəzarət də kifayət qədər effektiv deyildi. Yeni proqramın uğurlu olması üçün qısamüddətli və ölçülə bilən hədəflər müəyyən edilməlidir. Məsələn, hansı rayonda məhsuldarlıq neçə faiz artmalıdır, su itkiləri nə qədər azalmalıdır, ixrac potensialı hansı səviyyəyə çatmalıdır kimi konkret göstəricilər olmalıdır. Bundan əlavə, subsidiya sistemi nəticəyə bağlı qurulmalı, rəqəmsal nəzarət gücləndirilməli və fermerlərin bazara çıxışı asanlaşdırılmalıdır.
Dövlət dəstəyi olsa da, məhsuldarlığın aşağı qalmasının əsas səbəbi yalnız maliyyə deyil, idarəetmə və struktur problemləridir. Bir çox fermer müasir aqrotexniki biliklərə malik deyil, innovasiya və texnologiyadan istifadə zəifdir. Suvarma sistemi köhnəlib, logistika xərcləri yüksəkdir, kreditlər isə hər fermer üçün əlçatan deyil. Bəzi hallarda subsidiyalar real istehsalçıdan çox formal təsərrüfatlara yönəlir. Yəni problem təkcə maliyyə çatışmazlığı deyil, resursların səmərəli idarə olunmaması, planlaşdırmanın zəifliyi və aqrar sektorun bazar prinsiplərinə tam uyğunlaşa bilməməsi ilə bağlıdır”.
Aydan Əsgərxanlı