00:00:00
Yazar
Səadət Əlizadə
21.09.2026 21:27 57 2 dəq oxuma
İqtisadiyyat

Rusiyada buğda böhranı Azərbaycandakə çörəyin ucuzlaşmasına təsir edəcəkmi?

Rusiyada buğda böhranı Azərbaycandakə çörəyin ucuzlaşmasına təsir edəcəkmi?

Rusiyada buğda bazarında yaşanan problemlər Azərbaycanda da un və çörəyin qiyməti ilə bağlı suallar yaradıb. Ölkəmizin buğda idxalında Rusiyanın payının yüksək olması fonunda, qonşu ölkədəki təchizat və qiymət dəyişikliklərinin yerli bazara necə təsir edəcəyi maraq doğurur. 

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında iqtisadçı Xalid Kərimli bildirib ki, Rusiyadan taxıl idxalı Azərbaycanda əhəmiyyətli yer tutur:

 

"Ərzaq buğdasının əhəmiyyətli hissəsi Rusiyadan gəlir. Düzdür, illər üzrə statistik göstəricilər kəskin dəyişə bilər. Bəzi illərdə Rusiyanın payı hətta 90%-dən çox olub. Bu ilin ilkin 7-8 aylıq göstəricilərinə baxdıqda isə görürük ki, Rusiyadan gələn taxılın payı təxminən 80%-dir. Yəni Rusiya istənilən halda Azərbaycanın taxıl bazarında əhəmiyyətli rol oynayır.

İlin əvvəlindən Rusiyada taxıl bahalaşıb. Hazırda Azərbaycanda unun qiymətində də müəyyən artım müşahidə olunur. Son günlər mətbuatda da 50 kiloqramlıq un kisələrinin qiymətinin təxminən 1-1,20 manat artdığı barədə məlumatlar yayılıb. Lakin Rusiyada taxılın qiymətinin ucuzlaşması və ya bahalaşması avtomatik olaraq Azərbaycana eyni formada təsir göstərmir. Burada bağlanan müqavilələrin qiymətləri və digər amillər də rol oynayır. Amma qeyd etdiyim kimi, Rusiyada baş verən bahalaşma Azərbaycan bazarına da təsir göstərir və artıq bunun təsirlərini müşahidə edirik.

Hazırda çörəyin qiymətinin ucuzlaşmasını gözləmək düzgün olmaz. Eyni zamanda, unun bahalaşması o demək deyil ki, çörəyin qiyməti dərhal artacaq. Unun qiymətinin 1 manat bahalaşması çörəyin maya dəyərini təxminən 1-2 faiz artırır.

Sahibkarlar həmin artımı qiymətə əks etdirib-etdirməməyi bazardakı rəqabətdən və digər amillərdən asılı olaraq qiymətləndirirlər. Çünki dəyirman və çörək istehsalçılarının xərcləri yalnız unla məhdudlaşmır. Xərclərin digər hissəsini əməkhaqqı, daşınma, kommunal xidmətlər və digər məsrəflər təşkil edir.

Yəni unun qiyməti artıq Rusiyada və dünya bazarında baş verən proseslərin təsiri ilə bahalaşıb. Lakin bu, çörəyin qiymətinin dərhal artacağı anlamına gəlmir. Çünki un çörəyin maya dəyərini formalaşdıran yeganə xərc deyil, digər xərclər də mövcuddur.

İstənilən halda, unun bahalaşması çörəyin qiymətinə artırıcı təsir göstərən amildir. Lakin bu artımın son qiymətə nə dərəcədə və nə vaxt əks olunacağı bazar proseslərindən asılıdır".

 

Səadət Əlizadə

#azərbaycan #buğda #rusiyada #edəcəkmi? #azərbaycandakə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər