AQTA son 6 ay yoxlamaların nəticələrini açıqlayıb
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bu ilin 6 ayı ərzində sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış alınmaqla 1531-i planlı, 799-u plandankənar olmaqla, ümumilikdə 2 330 yoxlama aparıb.
Bildirilib ki, yoxlama, monitorinq və digər nəzarət tədbirləri çərçivəsində 2541 iş üzrə inzibati tənbehvermə haqqında qərar qəbul olunub. Bu qərarlardan 157-si şərti cərimə, 2 384-ü inzibati qaydada cərimə edilmə barədə olub. Ümumilikdə 2 milyon manatdan çox cərimə tətbiq edilib.
AQTA-nın sədri Qoşqar Təhməzli bildirib ki, aparılan nəzarət tədbirləri nəticəsində, ümumilikdə 1976 ton, 406 min 327 litr və 85 min 394 ədəd qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarətinə aid məhsul barədə məhvetmə qərarları qəbul olunub: “Eyni zamanda 14 ton yağ və 3 ton 800 kq qənd məhsulunun utilizasiyasına dair qərarlar qəbul edilib. Bundan əlavə, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində aşkar olunmuş ciddi pozuntularla bağlı 1339 məhdudlaşdırıcı tədbir tətbiq edilib”.
