"Araz-Naxçıvan"ın sabiq futbolçusu I Liqa klubuna keçib
I Liqada mübarizə aparan “Şimal” heyətini yeni hücumçu ilə gücləndirib. Klub “Araz-Naxçıvan”ın sabiq futbolçusu Elşad Əliyevi transfer etməklə hücum xəttində rəqabəti artırmağı hədəfləyir.
"Birinci liqada "Şimal" sondan birinci komanda kimi mübarizə aparıb. Artıq 12 tur oynanılıb, bu komandanın aktivdə 5 xalı var və liderdən 25 xal geri qalır".
Bu sözləri idman şərhçisi Namiq Abbasov "İnformator.az"a açıqlamasında deyib, o qeyd edib ki, bu məqamda Elşad komandaya liqanı orta həddə qaldıraraq kömək edə bilər:
"Ən azı 17 xalı olan "Zaqatala"ya yaxınlaşdıra bilər. Nəzərə alsaq ki, bu klublar da məğlubiyyət baxımından yetərincə oyun uduzublar. Hər birinin 5-6, hətta "Cəbrayıl"ın 8 məğlubiyyəti var. Elşad bu baxımdan komandaya köməyə çatar. Çünki "Şəfa", "Bakı Sportinq" və "Səbail" üçlüsü ilə "Şimal" ayaqlaşa bilməz. Sadəcə "Şimal" indi heyətini gücləndirmək üçün Elşaddan istifadə edir. "Araz-Naxçıvan"da baş məşqçinin gedişindən, yerinə yeni baş məşqçi gələndən sonra heyət baxımından dəyişikliklər aparılır, təmizləmə işləri gedir. Elşad Əliyev də yeni gələn mütəxəssisin maraq dairəsində olmadığına görə komandadan yönləndirilib".
Müsahibin sözlərinə görə, o, indi yaxşı məqamda "Şimal"da "sığınacaq" tapıb:
"Bilirsiniz ki, 9 nömrə hər futbolçuya verilmir. Hücum xəttinin bütün məsuliyyəti məhz 9 nömrəli futbolçunun üzərinə düşür və Elşad Əliyevin də Premyer Liqadan "Liqa-1"ə gəlməsi, 9 nömrə olması onun məsuliyyətini 1-ə 2 artırır. Komanda ümidini Elşad Əliyevin uğurlu çıxışına və kollektivi səfərbər etməsinə bağlayıb. Bu keçid Elşad Əliyev üçün karyerasında yeni dönüş nöqtəsi ola bilər. Elşad ona olan və itirilən etimadı "Şimal"dakı uğurlu çıxışı ilə təsdiqləyə bilər. "Şimal"da öz yerini tapıb, komandanı ətrafına toplayıb klubu yüksəyə qaldırmaqla yenə adını bərpa edə bilər. O, sıradan bir oyunçu olmadığını göstərə bilər".
Zəhra Möhübbətova
