Arteta “Arsenal”da qalmağa hazırlaşır: Yeni müqavilə ilə bağlı danışıqlar irəliləyib
“Arsenal”ın transfer pəncərəsinin necə keçdiyi ilə bağlı fikirlər fərqli olsa da, klub daxilində hamı baş məşqçi Mikel Artetanın yeni müqaviləsinin imzalanmasının nə qədər vacib olduğu barədə həmrəydir.
Transfer pəncərəsinin yanvar ayına qədər bağlanmasından sonra London klubu hazırda Arteta ilə uzunmüddətli yeni müqavilə üzrə razılaşmanı yekunlaşdırmağa çalışır.
Məlumatlı mənbələr danışıqların son günlərdə irəliləyiş əldə etdiyini və tərəflərin ispaniyalı mütəxəssisin müqaviləsini yeniləyəcəyinə tam əmin olduğunu bildirir.
Arteta da ötən ay gələcəyi ilə bağlı şübhələrə aydınlıq gətirib:
“Hamı hiss edir ki, müqavilənin vaxtı problem olmayacaq. Çünki mənim istəyim burada qalmaqdır və burada çox xoşbəxtəm. Klubdan aldığım hiss də eynidir. Buna görə hər şey çox təbii şəkildə irəliləyir”.
“Arsenal”ın baş icraçı direktoru Riçard Qarliç də Artetanın yeni uzunmüddətli müqaviləsinin təsdiqlənməsinin sadəcə “zaman məsələsi” olduğunu deyib.
Yeni müqavilə imzalandıqdan sonra Artetanın dünyanın ən yüksək maaş alan məşqçilərindən birinə çevriləcəyi gözlənilir. “Arsenal” onun hazırkı müqaviləsində ciddi artım etməyi planlaşdırır. Artetanın hazırkı illik maaşı 10 milyon funt sterlinqdir və Çempionlar Liqasına vəsiqə qazanacağı təqdirdə əlavə 5 milyon funt sterlinq bonus əldə edir.
Arteta artıq İngiltərədə ən uzun müddət çalışan baş məşqçidir
“Arsenal” azarkeşləri yeni müqavilənin rəsmi şəkildə elan olunmasını səbirsizliklə gözləyirlər. Çünki Artetanın hazırkı sözləşməsinin müddətinin başa çatmasına cəmi 9 ay qalıb.
2019-cu ilin dekabrında “Arsenal”ın baş məşqçisi təyin olunan Arteta klubu ciddi şəkildə dəyişib. O, komandanı Çempionlar Liqası statusunu itirmiş vəziyyətdən çıxararaq ötən mövsüm 22 illik fasilədən sonra İngiltərə Premyer Liqasının çempionluğuna daşıyıb.
“Arsenal” hazırda daxili çempionatda titulunu qorumağın əsas favoritlərindən biri hesab olunur. London təmsilçisinin bu mövsüm tarixində ilk dəfə Çempionlar Liqasını qazanacağı da gözlənilir.
Bu uğurlar Artetanın klubdakı təsirini daha da artırıb. Arsene Venger dönəmində olduğu kimi, hazırda da futbol məsələləri baxımından klubun ən nüfuzlu şəxsi Artetadır.
İspaniyalı mütəxəssisin təsiri xüsusilə komandanın heyətində özünü göstərir. Birinci komanda ilə bağlı mühüm qərarların
Artetanın razılığı olmadan qəbul edilmədiyi bildirilir.
“Arsenal” ötən ay Julian Alvarez və Vinisius Junioru transfer etmək istəyərkən də klubun futbolçuları razı salmaq istiqamətindəki səylərində Arteta ön planda olub.
Bu baxımdan Artetanın klubdakı mövcud rolundan uzaqlaşması “Arsenal” rəhbərliyi üçün arzuolunmaz ssenari hesab edilir.
Gələcəkdə İspaniya millisinin və ya ölkənin nəhəng klublarının Artetaya maraq göstərəcəyi istisna edilmir. Onun vətəninə qayıtmaq ehtimalı da var. Lakin Artetanın “Real Madrid” və ya “Barselona”da hazırda “Arsenal”da sahib olduğu səlahiyyətlərə malik olması çətin görünür. Hər iki klubda daxili idarəçilik və siyasi çəkişmələrin daha mürəkkəb olduğu qeyd olunur.
Hazırda isə Artetanın əsas diqqəti “Arsenal”dadır.
Mütəxəssisin rəhbərliyi altında komandanın heyəti inkişaf edib. “Arsenal”ın futbolçularının orta yaşı 26,2-dir ki, bu da Premyer Liqa üçün nisbətən yüksək göstəricidir. Heyətin hazırkı mərhələsində uğurlu nəticələr əldə etmək və klub tarixində uzunmüddətli iz qoymaq üçün əlverişli imkanın olduğu bildirilir.
“Arsenal” Artetanın futbol baxışını dəstəklədiyini transfer siyasəti ilə də nümayiş etdirir. Bruno Gimaraeş və Ezri Konsanın transferləri klub üçün ciddi maliyyə yatırımları olub. Hər iki futbolçunun gələn il 30 yaşına çatacağı nəzərə alınarsa, bu transferlər Artetanın hazır nəticələrə yönəlmiş planının göstəricisi kimi qiymətləndirilir.
Vinisius Junior və Julian Alvarez üçün uğursuz başa çatan transfer cəhdləri isə klubun amerikalı sahiblərinin dünya səviyyəli futbolçular üçün böyük məbləğlər xərcləməyə hazır olduğunu Artetaya göstərib.
Məlumata görə, bu cür iddialı transfer siyasəti Artetanın müqavilə danışıqları zamanı klubdan görmək istədiyi əsas məsələlərdən biri olub.
Arteta “Arsenal”da keçirdiyi 6 ildən çox müddətlə hazırda Premyer Liqa və İngiltərə Futbol Liqasında ən uzun müddət vəzifədə olan baş məşqçidir. Yeni müqavilə imzalayacağı təqdirdə onun Londondakı fəaliyyəti 10 ilə yaxınlaşacaq.
Bununla belə, Artetanın komanda ilə bağlı hədəflərindən geri çəkilmək niyyətində olduğuna dair heç bir əlamət yoxdur.
Güllər Gülhüseynova