"Arzuların Şəhəri" Layihəsinin İştirakçıları və Könüllüləri Sertifikatlarla Təltif Olundular
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində, "İstedadları Tanıyaq və Tanıdaq" İctimai Birliyi tərəfindən təşkil olunan "Arzuların Şəhəri" ("City of Dreams") proqramında fəal iştirak edən gənclərə və könüllülərə sertifikatlar təqdim edilib.
İctimai Birliyin ofisində keçirilən tədbirdə təşkilatın könüllüləri, istedadlı üzvləri, müəllimlər və valideynlər iştirak ediblər. Tədbirdə çıxış edən birliyin sədri Vüsalə Qələndərli layihənin uğurla həyata keçirilməsinə göstərdiyi dəstəyə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkürünü bildirib.
O qeyd edib ki, “Arzuların Şəhəri” layihəsi gənclərin yaradıcılıq potensialının üzə çıxarılması, onların ideyalarının və təşəbbüslərinin beynəlxalq platformada nümayiş etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
“Bu möhtəşəm qlobal platformada öz yaradıcılığı, ideyaları və enerjisi ilə seçilən, layihəmizin uğur qazanmasına dəyərli töhfələr verən hər bir iştirakçımıza və könüllümüzə dərin minnətdarlığımızı bildiririk. Gənclərimizin beynəlxalq arenada əldə etdiyi bu uğur bizim üçün böyük qürur mənbəyidir”, – deyə Vüsalə Qələndərli vurğulayıb.
Sonda layihədə fəal iştirak edən gənclərə və könüllülərə sertifikatlar təqdim olunub, onların gələcək fəaliyyətlərində uğurlar arzulanıb.




