Asılılığın kökündə nə durur, necə xilas olmalı?
Son dövrlərdə insanlarda müəyyən bir şeylərə asılılıq problemi geniş yayılmaqdadır. Bir çox insanlar telefona baxarkən heç ayrılmaq istəmir, digərləri televizorda bir filmə baxarkən diqqətini tamamilə ora cəmləyir, saatlarla asılı qalır, bir digərləri isə saatlarla, hətta günlərlə kitab oxuyurlar.
Mövzunu informator.az saytına psixoloq Samirə Bağırova şərh edib. Psixoloq deyir ki, hər şey çox sürətlə dəyişir.
"Sonsuz çəkilən filmlər, xəbərlər,hadisələr hər şey o qədər çox və sürətlidir ki, artıq insanlar bir hadisəyə yaxud yeniliyə fokuslanmağa macal tapmamış, yeni nə isə baş verir. Emosiyalar xaos yaşayır. Bu bir qisim insanlarda vecsizlik, bir qisimdə isə emosiyalarını sabitləşdirmək üçün bir şeydən asılılıq yarada bilir”.
Psixoloq qeyd edir ki, insana emosiya lazımdır.
“Gün ərzində insan bir neçə emosiya yaşamalıdır. Amma həyatdan aldığı emosiya,yaşam içində baş verənlər artıq ürək açan deyil və bir-birini təkrarlayır. Bu səbəbdən kimisi filmdən, kimisi kitabdan, kimisi sosial şəbəkədən asılı qalır. İnsanlardan gələn emosiyalar da artıq bir birilərinə maraqlı gəlmir”.
Müsahibin sözlərinə görə, heç də maraqlı olmayan və bir-birinin bəhsinə gündəmdə olan mövzular güvənsizlik, sünilik, aldanma qorxusu, həyəcan, insanlarda soyuqluq yaradıb.
"Hətta bir çoxu canlı görüşlərdən sıxılıb evə tələsdiklərini bildirirlər. Bu bir növ insana özünü daha güvəndə hiss etmiş kimi gəlir”.
Samirə Bağırova düşünür ki, post travmatik sindroma da bənzəyir.
"Pandemiya müddətindəki həyatın sonrakı təsiri. Tövsiyə olunur ki, özlərini aktiv məşğuliyyətə, gəzintiyə, idman növlərinə, əyləncələrə və mütaliəyə məcbur etsinlər, əlbətdəki bunların zərəri yoxdur. Fərqindəliyi oyatmaq mütləqdir”.
Aynur Babayeva
