00:00:00
Yazar
Güllər Gülhüseynova
26.02.2026 21:23 21 3 dəq oxuma
Sosial

Milli cizgi filmlərimizi niyə görmürük?

Milli cizgi filmlərimizi niyə görmürük?

Ekranlarımız bir zamanlar uşaqların gülüşü və nağıllarla dolu idi. Qəhrəmanlar danışır, nağıllar böyüdür, hər macəra bir mədəniyyət pəncərəsindən dünyaya açılırdı. Amma indi uşaqların baxdığı kanallar daha çox xarici cizgi filmlərlə doludur. Azərbaycanın milli cizgi filmləri isə məhdud saydadır və yeniləri çəkilmir.



Bəs ictimaiyyət bu barədə nə düşünür? Uşaqlar üçün milli cizgi filmlərinin əhəmiyyəti barədə sakinlərin fikirlərini aldıq.



Şəhər sakini Zərifə Tağıyeva bildirib ki, xarici cizgi filmlərindəki canlılıq uşaqları daha çox cəlb edir:



“Bizdəki cizgi filmlər həm qədimi formadadır, həm də daha çox uşaqların maraq dairəsini əks etdirmir. Xarici cizgi filmlərdə isə personajlar olsun, rənglər olsun, mövzular olsun uşaqların daha çox diqqətini çəkir”.



Şəhərin digər sakini Firidun Babayev isə əvvəlki cizgi filmlərin daha maraqlı olduğunu qeyd edib:



“Əvvəllər var idi, uşaqlar çox maraqla baxırdı. Böyüklərə də maraqlı idi. Ancaq sonra xarici cizgi filmlər ortaya çıxdı. Mənim heç xoşuma gəlmir. Əcayib personajlar var, nəyə oxşadığını bilmək olmur”.



Şəhərin gənc sakini Leyla Mahmudlu deyib ki, ölkəmizdə cizgi filmlər inkişaf etmədiyi üçün uşaqlar xarici cizgi filmlərə yönəlir:



“Azərbaycanda çox da inkişaf etmədiyi üçün maraqlarını cəlb edəcək şəkildə hazırlamırlar. Daha çox xaricilər uşaqları cəlb edəcək formatda, rənglərdə cizgi filmlər hazırladığı üçün uşaqlar xarici cizgi filmlərə yönəlirlər”.



Şəhər sakini Rəhimə Seyidova isə ekranlarımızda milli cizgi filmləri olsa, həm uşaqların, həm də böyüklərin maraqla izləyəcəyini bildirib:
 

“Milli cizgi filmlər indi, demək olar ki, yoxdur. Televizora baxanda görmürəm. Əvvəllər çəkilən “tıq-tıq xanım”, “cırtdan” daha maraqlı idi. Ancaq indi elə bir maraqlı milli cizgi film görmürük. Ona görə də, uşaqlar xaricə meyl edir. Azərbaycanda da çəkilsə, daha yaxşı olardı. Uşaqlar üçün də maraqlı olardı, bizim üçün də”.



Bəs indi uşaqların ən sevdiyi cizgi filmlər hansılardır?



Sorğu zamanı balacalardan “Maşa və Ayı”, “Heidi”, “Minecraft” kimi fərqli cavablar aldıq.



Psixoloq Nabat Mirzəyeva bildirib ki, cizgi filmlər uşaqların psixologiyasına təsir etmək gücünə malikdir:



“Uşaqlar 3-10 yaş aralığında gördükləri hər bir məlumatı filtrsiz şəkildə qəbul edirlər. Bu yaşda onlar izlədikləri cizgi filmlərindəki emosiyaları, duyğu və düşüncələri, yanaşma tərzini və dil üslubunu mənimsəyərək ailədə, bağçada və məktəbdə təkrarlamağa başlayırlar. Cizgi filmlərindəki aqressivlik, səbirsizlik, dalaşqanlıq və ya digər hərəkətlərin uşaqlar tərəfindən təqlid edilməsi qaçılmazdır. Xarici cizgi filmlərini izləyən uşaqlar üçün həmin ölkələrin həyat tərzi maraqlı görünməyə başlayır. Oradakı mədəniyyət, qadın və kişi münasibətləri, insaniyyət anlayışı və sərgilənən digər dəyərlər uşaqda maraq oyatdığı üçün bəzən onlar: "Mən böyüyəndə filan ölkədə yaşamaq istəyirəm",- deyə fikirlərini ifadə edirlər. Xarici adlar və davranışlar "normal" kimi qəbul edildiyindən, həmin mədəniyyət onlara daha cəlbedici gəlir. Əgər övladlarımıza xarici cizgi filmləri izlədiriksə, milli dəyərlərimizi qorumaq üçün mütləq şəkildə "Koroğlu", "Cırtdan" və mentalitetimizə məxsus digər mövzular haqqında onlarla danışmalı, bu dəyərləri aşılamalıyıq. Azərbaycan vətəndaşı olduğumuz üçün milli dəyərlərimiz heç vaxt diqqətdən kənarda qalmamalı; uşaqlara öyrədilməli, ötürülməli və izah edilməlidir”.
 

Lalə Qurbanlı

#azərbaycan #niyə #görmürük? #filmlərimizi
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər