"Aşura bir mənəviyyat məktəbidir" - İlahiyyatçı
Məhərrəm ayının 10-cu günü olan Aşura İslam dünyasında xüsusi əhəmiyyət daşıyan günlərdən biri hesab edilir. Bu günü müsəlmanlar ibadət, dua və xeyriyyəçilik əməlləri ilə yad edirlər.
Aşura günü həmçinin İslam tarixinin ən mühüm hadisələrindən olan Kərbəla faciəsi ilə əlaqədar olaraq qeyd edilir. Dini mənbələrdə bu günün mənəvi dəyərlərin, səbir və fədakarlığın təcəssümü kimi xüsusi yer tutduğu bildirilir.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında ilahiyyatçı Ağa Hacıbəyli bildirib ki, İslam tarixində Aşura günü 680-ci ilə (hicri 61-ci ilə) qədər tam fərqli bir məcrada və fərqli hadisələrlə xatırlanıb:
"İslam qaynaqlarına görə, tarixin dərinliklərindən bəri bu gündə 10 böyük peyğəmbərin həyatında 10 mühüm hadisə baş verib. Məsələn, Həzrəti Nuhun gəmisinin Cudi dağında dayanması və tufandan xilas olması; Həzrəti İbrahimin Nemrudun atəşindən salamat çıxması; Həzrəti Yusifin quyudan qurtulması; Həzrəti Yunusun balığın qarnından xilas olması; Həzrəti Musanın və tərəfdarlarının Fironun zülmündən qurtulduğu gün, hətta, ulu babamız Həzrəti Adəmin tövbəsinin qəbul edildiyi gün kimi tanınır. Lakin 680-ci ilin Məhərrəm ayının 10-da Allah Rəsulunun (s.ə.s) nəvəsi İmam Hüseyn əleyhissalamın Kərbəladakı şəhadəti bəşər tarixində yeni bir era açıb və əvvəlki hadisələri sanki arxa plana keçirib. Bu baxımdan Aşuranın İslam tarixindəki əhəmiyyəti tam fərqli bir mahiyyət qazanıb. Həzrəti İmamın bu fədakarlığı ilə yeni bir məktəb qurulub. Məktəb insan yetişdirir, şəxsiyyət formalaşdırır. Bu elə bir məktəb idi ki, onun nə binası, nə divarları, nə də yazı taxtası var idi. Onun müəllimi öz qanı və canı ilə Allaha qurban olmağı, sədaqəti və vəfanı bəşəriyyətə yenidən nümayiş etdirən bir şəhid idi.
Vəfasızlıq, sədaqətsizlik, mala, mülkə, sərvətə və vəzifəyə düşkünlük hər dövrdə inanan insanların qarşısında böyük bir sınaq olub. Tarix boyu əlində güc və qüdrət olan bəzi idarəçilər yeri gəldikdə məzlumları əzmiş, onların haqlarını qəsb etmişlər. Yezidin hakimiyyəti dövründə də xilafəti səltənətə və zülm sisteminə çevirən bir zehniyyət mövcud idi. Həzrəti İmam Hüseyn (ə) insanların şüurunu oyatmaq, onları qəflət yuxusundan ayırtmaq üçün böyük bir fədakarlığa imza atdı. Kərbəladakı 72 nəfərin şəhadəti böyük bir ümmətin ayılmasına səbəb oldu. O gündən bəri təkcə İslam aləmi deyil, bütün bəşəriyyət yeri gəldikdə bu məktəbin prinsiplərindən faydalanıb.
Biz bu ibrət dərslərinin real nümunəsini öz Qarabağ savaşımızda da gördük. Zəfər yalnız sayla, hərbi üstünlüklə deyil, həm də Allahın iradəsi və haqqa olan inamla gerçəkləşir. Qarabağda qarşımıza böyük güclər çıxsa da, Azərbaycan xalqı tək-tənha öz torpaqlarını azad etməyi bacarıb. Bu yönü ilə Kərbəla ruhu-haqqa sarılmaq prinsipi bizim də həyatımıza daxil olub. İmam Hüseyn (ə) buyurur ki, izzət və şərəf Allaha və möminlərə məxsusdur; onu dünyadakı hansısa bir zalımın kölgəsində deyil, Rəbbinizin rizasında axtarın.
Bu məktəbin bizə öyrətdiyi digər mühüm dərs birlik, vəhdət və qardaşlıqdır. Ən ağır, ölümcül vəziyyətlərdə belə insanların çiyin-çiyinə, əl-ələ verməsidir. Bəlaların qarşısında duruş gətirmək üçün birliyə ehtiyac var. Ən böyük dərs isə "İlahi riza"dır. İnsan Allahı sevdiyi zaman hər şeyini Onun yolunda fəda edə bilər. İmam Hüseyn (ə) da İslamın yaşaması üçün 6 aylıq körpəsindən tutmuş bütün əhli-əyalına qədər hər kəslə bu yola çıxıb və bu fədakarlığı göstərib" .
İlahiyyatçı, həmçinin qeyd edib ki, Aşura bir mənəviyyat məktəbidir:
"Bu məktəbin ən ideal tərəfi ondan ibarətdir ki, burada heç bir maddi maraq və mənfəət güdülməyib. Kərbəla hadisəsi zahirən bir faciə, fəlakət kimi görünsə də, daxilən rəşadətin, şücaətin və mənəvi qüdrətin ən uca nöqtəsidir.
Gənclərimizə bu ruhu aşılamalıyıq: Bu qloballaşan dünyada, bəzi mədəniyyətlərin digərlərini udub yox etdiyi bir dövrdə hər bir gənc öz milli-mənəvi dəyərlərinə sahib çıxmalıdır. Bilməlidir ki, güclü dövlətlər bir gün sənin torpağını, mədəniyyətini, dinini və mənliyini hədif seçə bilər. Ona görə də, Azərbaycanın yeni nəsli Kərbəla kimi bir məktəbdən doğru şəkildə istifadə etməli, öz mənəviyyatını qorumalıdır. Biz bir yumruq kimi birləşməli, bir ürək olmalıyıq. Böyük bir zəfər qazanmağımıza baxmayaraq, bu qələbəni həzm edə bilməyən yaxın və uzaq düşmənlərimiz hələ də var. Dövlətimizin birliyini qorumaq üçün cəmiyyətdə elmi, intellektual maariflənməyə önəm verilməlidir. Aşura gününü xurafatlardan, bidətlərdən və İmam Hüseyn (ə) məktəbinə yaraşmayan hərəkətlərdən təmizləyib, onun əsl fəlsəfəsini təbliğ etməliyik. Çünki İmam Hüseyn (ə) yalnız bir qrupun, təriqətin və ya məzhəbin deyil, bütün ümmətin imamıdır, Əhli-beytin beşincisidir və hər bir müsəlmanın sevimlisidir".
Mövzu ilə bağlı Səhiyyə Nazirliyindən "İnformator.az"a verilən məlumata görə, Aşura günü keçirilən qanvermə aksiyalarında donorların sayında əhəmiyyətli artım müşahidə olunur:
"Bu il də vətəndaşlar aksiyaya böyük maraq göstərirlər. Səhər saat 10:00-a olan məlumata görə, artıq 501 nəfər könüllü donor qan verib və 225,45 litr qan toplanıb. Aksiya respublikanın 30 şəhər və rayonunda yerləşən 40 məntəqədə təşkil olunub. Belə günlərdə qan ehtiyatlarının artırılması baxımından mühüm nəticələr əldə edilir və qana ehtiyacı olan xəstələrin təminatına ciddi töhfə verilir. Toplanan qan nümunələri əvvəlcə xüsusi tibbi prosedurlara uyğun olaraq qəbul edilir və laborator müayinələrdən keçirilir. Qanlar müxtəlif infeksiyalara qarşı yoxlanıldıqdan sonra komponentlərə ayrılır və xüsusi şəraitdə saxlanılır. Daha sonra ölkənin tibb müəssisələrindən daxil olan tələbat əsasında ehtiyacı olan xəstələrə çatdırılır. Bütün proses Səhiyyə Nazirliyinin təsdiq etdiyi qaydalar və qan xidmətinin mövcud mexanizmləri əsasında həyata keçirilir ki, bu da qanın təhlükəsizliyini və keyfiyyətini təmin edir".
Mövzu ilə bağlı vətəndaşlara da suallar ünvanladıq.
Səma Mustafayeva bildirib ki, mənim üçün Aşura günü sadəcə dini təqvimdə qeyd olunan bir gün deyil:
"Bu gün Kərbəla hadisəsini, haqq və ədalət uğrunda mübarizəni xatırladır. Həzrət İmam Hüseynin göstərdiyi mövqe bu gün də insanlar üçün nümunədir. Düşünürəm ki, cəmiyyətimizdə Aşura gününə böyük hörmət var və insanlar bu günü yad edirlər. Amma yenə də elə insanlar var ki, günün mahiyyətini tam bilmir, sadəcə ənənə kimi qəbul edir. Məncə, xüsusilə, gənclərə bu günün tarixi və mənəvi tərəfləri daha geniş şəkildə izah olunmalıdır ki, Aşuranın verdiyi mesajı düzgün anlaya bilsinlər".
Vətəndaş Sədaqət Quliyeva isə bildirib ki, Aşura günü mənim üçün həm hüzn, həm də düşüncə günüdür:
"Bu gün insanı bir qədər dayanıb keçmişə, tarixə və həyatdakı dəyərlərə baxmağa vadar edir. Kərbəla hadisəsində verilən qurbanlar, göstərilən sədaqət və mərdlik insanı təsirləndirir. Hesab edirəm ki, bu günün cəmiyyətdə qeyd olunması vacibdir, çünki insanlar öz mənəvi köklərini və tarixlərini unutmamalıdırlar. Bununla yanaşı, düşünürəm ki, Aşura günü haqqında maarifləndirici verilişlərin, söhbətlərin sayı artsa, insanlar bu günün mahiyyətini daha dərindən dərk edərlər. Məncə, Aşuranın əsas mesajı ədalətli olmaq, haqsızlığa qarşı susmamaq və mənəvi dəyərlərə sahib çıxmaqdır".
Aişə Mustafayeva