Atəşkəsdən imtina: İran sərt mövqedə
“İran ABŞ və İsrail ilə atəşkəs əldə etmək istəmir, əksinə, onlara dərs vermək niyyətindədir”. Bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf deyib. “Qətiyyən atəşkəsə can atmırıq. Düşmənin üzünə elə yumruq vurmalıyıq ki, dərsini yaxşı öyrənsin və bir daha heç vaxt sevimli İranımıza hücum etməyi düşünməsin”, - spiker bildirib.
Mövzu ilə bağlı siyasi şərhçi Abutalıb səmədov “İnformator.az”a açıqlamasında bildirib ki, İranın parlamentinin sədrinin bu bəyanatı hərbi qarşıdurmanı şiddətləndirəcək:
“İran rəhbərliyi bu cür bəyanatlar verərkən bir şeyi unutmamalıdır ki, artıq 1300-dən artıq, 1300-dən çox insan ölüb və onun içərisində uşaqlar, qocalar, qadınlar kifayət qədərdir. Bu cür sərt ritorika Yaxın Şərqdə qüvvələr nisbətinə o qədər də təsir göstərməyəcək. İran həm iqtisadi baxımdan, həm hərbi baxımdan İran zəifləyəcək və qüvvələr nisbətində dəyişiklik yalnız bu cür özünü göstərəcək. Qüvvələr nisbətinə təsir eləyən əsas amil İranın ətraf ölkələri özünə düşmənə çevirməsidir. Qonşu dövlətlərə zərbələr endirməsi, üzr istəməsi və onların qarşısında reallıqdan uzaq şərtlər qoymasıdır ki, bu da təbiidir ki, istər-istəməz İrana münasibəti dəyişir, həm də qüvvələr nisbətini dəyişdirir”.
Siyasi şərhçinin sözlərinə görə, münaqişənin danışıqlar yolu ilə həlli hələlik mümkün görünmür:
“Yaxın günlərdə danışıqların baş tutmaq ehtimalı çox azdır. Hələ ki, tərəflərin vuruşmaq istəyi var və nə ABŞ və İsrail, nə də İran geri çəkilmək istəmir. Ancaq aydındır ki, qüvvələr nisbəti bərabər deyil. ABŞ uzaqda olduğj üçün əsas zərbə İrana və müəyyən qədər də İsrailə dəyir. Nəzərə alsaq ki, ABŞ dünyanın ən böyük hərbi və iqtisadi gücüdür, burada itirən daha çox İrandır. Danışıqlar yolu ilə hələlik bu münaqişəni həll etmək mümkün görünmür. Ancaq bir müddətdən sonra yəqin ki, danışıqlara getməkdən başqa çarə qalmayacaq və burada maraqlı tərəf öz zəifliyini etiraf etmək məcburiyyətində olan tərəf olacaq və çox güman ki, təşəbbüskar kimi İran çıxış eləyəcək. ABŞ də demək olar ki, artıq tədricən danışıqlara daha çox meyl göstərməyə başlayıb”.

Zəri Bayramlı