"Atlar uşaqları mülayimləşdirir" - Məşqçi Sərxan Tağıyev
"Atlar uşaqları mülayimləşdirir və onları daha çox sosiallaşmağa kömək edir".
Bu fikirlər dördüncü nəsil məşqçi Sərxan Tağıyevə məxsusdur. Sərxan Tağıyev bildirir ki, hopoterapiyadan sonra onlar ətraf mühitə çıxanda artıq insanlardan qorxmurlar, çəkinmirlər: "Bu proses ta qədimdən atların insanlara xeyiri haqqında müxtəlif kitablarda, mənbələrdə yazılıb. Hətta Hipokratın vaxtından atların insanlara ötürdüyü müsbət emosiyaların onların həyatında hansı dəyişikliklərə səbəb olduğu təsdiqini tapıb və müasir həyatda isə 17-18-ci əsrlərdən başlayaraq tibb elminin inkişafı ilə əlaqədar olaraq atlardan bu sahələrdə daha aktiv istifadə etməyə başlayıblar. Almaniya, Avstriya və İsveçrədə ilk hopoterapiya təlimləri baş verib. Hopoterapiyanın göstərdiyi ən yaxşı nəticə kiçik yaşlarından uşaqlara tətbiq edilməsidir. Məsələn, 2-3 yaşlarında uşaqlarda artıq hər hansı qüsur diaqnozu təyin edildikdən sonra aktiv olaraq hopoterapiya təlimlərində iştirak edən uşaq daha çox bu prosesin xeyrini görür. Çünki o vaxtlarda uşaqların həm əzələləri, həm bədən quruluşu bu proses üçün istədiyimiz nəticəni əldə etmək üçün uyğundur. Məsələn, autizm adətən 2-3 yaşlı uşaqlarda özünü büruzə verir və burada xəstəlikdən asılı olaraq aqressivlik, uşaqların özünə qapanması halları olur". Ekspert deyir ki, atlar həmin uşaqlarda o prosesi yumşaldır, uşaqları mülayimləşdirir, daha çox sosiallaşmağa kömək edir. Çünki autizmli uşaqlar özünə qapanıb özləri üçün dairə çəkir və o dairədə olurlar. Heç bir səs və hərəkətə cavab vermirlər və onlarda göz kontaktı olmur.
"Ancaq bizim proseslərdə iştirak edəndən və hopoterapiyadan sonra atlarla dost olurlar, onlarla münasibət qururlar və burada yeni insanlarla, bizim könüllü uşaqlarla münasibət qurmağa başlayırlar. Bundan sonra onlar ətraf mühitə çıxanda insanlardan qorxub çəkinmirlər, tanımadıqları insanlarla münasibət qurmağa çalışırlar. Fərdi olaraq Azərbaycanda da hopoterapiya uzun illər əvvəldən fəaliyyətə başlayıb. Məsələn, müxtəlif məşqçilər fərdi olaraq hər hansı tanışının övladlarını gətirib və bu təlimlərdə iştirak edibər. Ancaq qrup, mərkəz halında biz bəzi xarici ölkələrdə olduqdan sonra fəaliyyət göstərməyə başladıq. Müxətlif ölkələrdə bu cür böyük mərkəzlərin olduğunu gördükdən sonra jurnalist dostumuz Nəzakət xanımla 2014-cü ildə belə bir mərkəz yaratmaq qərarına gəldik. Azərbaycanda ilk və yeganə hipoterapiya mərkəzi kimi 2014-dən fəaliyyətə başladıq və bugünə kimi 6 minə yaxın uşaq bizim hipoterapiyalarda iştirak edib. Autizmli, daun sindromlu, nitq və görmə əngəlli, onurğa sümüyündə problem olan uşaqlar bizim terapiyalarda iştirak edib və bizim böyük könüllü qrupumuzun köməyi ilə onların həyatında həm emosional, həm fiziki irəliləyişlər müşahidə olunub".
Məşqçi bildirir ki, burada terapevtlərin olması çox vacib və lazımlıdır: "Sadəcə biz bu təşəbbüsü yaradanda fikrimiz o idi ki, ehtiyacı olan ailələr üçün bunu təmənnasız edək və könüllülər də bu işin təmənnasız olduğunu bilərək ehtiyacı olan uşaqlara, ailələrə dəstək olmaq üçün bizimlə birləşib böyük komanda yaratdıq. Lakin biz komandanı yaradanda çox az uşaq var idi, 10-15 xüsusi uşaq bizim terapiyalarda iştirak edirdi. Daha sonra valideynlər bir-birlərinə bu haqda məlumat ötürdükdən sonra sayımız çoxaldı. Biz də bununla bağlı bir neçə quruma müraciət etmişik. Fikrimiz odur ki, daha geniş mərkəz kimi fəaliyyət göstərək. Həm ehtiyacı olan ailələr üçün, həm digər xüsusi mərkəzlərin uşaqları üçün, həm həkimlərin, terapevtlərin iştirakı ilə dünyada olduğu kimi geniş bir terapiya mərkəzi yaradaq".
Məryəm Məmmədova
