Avropa çempionatı: Azərbaycan voleybol millisinin rəqibləri bəlli olub
Qadın voleybolçular arasında Avropa çempionatının püşkatma nəticəsində, ardıcıl 11-ci dəfə Avropa çempionatında iştirak edəcək Azərbaycan millisinin rəqibləri bəlli olub.
Mövzu ilə bağlı "İnformator.az"a idman üzrə ekspert Həcər Vəliyeva qadın voleybolçularımızın uğurlarından danışıb:
"Voleybol elə bir idman növüdür ki, 10-15 il öncə ölkəmizdə çox populyar idi. Xüsusilə qadın voleybolçularımızın uğuru göz qarşısında idi.Hazırda da voleybol üzrə inkişaf var , amma əvvəlki uğura gəlib çata bilmirlər. Və təbii ki, bu cür irimiqyaslı turnirin, Avropa çempionatının uzun illər sonra Azərbaycanda keçirilməsi voleybolun inkişafına çox yüksək təsir göstərəcək. Ümumiyyətlə, son illərdə Azərbaycanda müxtəlif idman növləri üzrə beynəlxalq turnirlər keçirilir. Məsələn, gimnastika. Gimnastika yarışları illərdir ki, artıq Azərbaycanda keçirilir. Və bunların nəticəsidir ki, gimnastika da inkişaf edir. Mən düşünürəm ki, nəinki voleybol həmçinin digər idman növləri üzrə də turnirlər keçirilsə, inkişaf daha da artacaq.Voleybolun ölkəmizdə kütləviləşməsi, daha da xalq xarakteri alması bir çox gənci bu idman növünə cəlb etməyə başlayır. Eyni zamanda iqtisadi baxımdan da müsbət təsiri olacaq. Voleybol turnirində ev sahibi olmağımız voleybolçularımıza mənəvi və psixoloji cəhətdən də üstünlük qazandıracaq.Həm azərkeş baxımından həm də, psixoloji baxımdan üstünlük qazandıra bilər deyə düşünürəm”.
Eyni zamanda ekspert vurğulayıb ki, komandaların sayı artıb:
”Komandamızın hazırlıq prosesinə gəldikdə isə,yerli yarışlar bu il çox keçirildi. Və komandaların sayı artıb 6 olub. Bu da rəqabəti nisbətən artması deməkdir. Və bütün bunlar yarışa hazırlıq mərhələsində hərşeyin qaydasında olduğunu bildirir. Artıq vaxta az qalıb, voleybol komandamız əlindən gələni edib və etməyə də, davam edir. Həm taktiki , həm fiziki və psixoloji baxımdan da özlərini yarışa daha yaxşı hazırlayırlar”.
Ayşə Natiq qızı
