Avropa Komissiyası Rusiyaya qarşı 21-ci sanksiya paketini təqdim edib
Avropa Komissiyası (AK) Rusiyaya qarşı energetika, maliyyə və ticarət sektorlarında yeni məhdudiyyətləri, həmçinin mövcud sanksiyalardan yayınmaya qarşı tədbirləri nəzərdə tutan 21-ci sanksiya paketini təqdim edib.
"İnformator.az" xəbər verir ki, bunu AK prezidenti Ursula fon der Lyayen Brüsseldə bildirib.
Onun sözlərinə görə, yeni paket Rusiyanın enerji daşıyıcılarının ixracından əldə etdiyi gəlirlərə təzyiqin saxlanmasına yönəlib. Avropa Komissiyası qlobal neft bazarındakı dəyişkənlik fonunda mövcud məhdudiyyətləri qorumaq üçün Rusiya neftinin qiymət tavanının korreksiya mexanizminin gələn ilin yanvarına qədər dayandırılmasını təklif edib.
Aİ enerji sektorunda Rusiya neftinin daşınması ilə əlaqəli daha 30 gəmini sanksiya siyahısına daxil etməyi təklif edib. İlk dəfə olaraq məhdudiyyətlər "kölgə donanması"na yardımçı xidmətlər göstərən gəmilərə və şirkətlərə şamil ediləcək.
Maliyyə sektorunda daha 31 Rusiya bankı üçün əməliyyat qadağasının genişləndirilməsi təklif olunur. Məhdudiyyətlər sanksiyaya məruz qalmış Rusiya strukturlarına xidmət göstərən və ya məhdudlaşdırıcı tədbirlərdən yayınmağa kömək edən üçüncü ölkələrin 20 bankı, kriptovalyuta şirkəti, platforması və neft treyderlərini əhatə edəcək.
Fon der Lyayenin sözlərinə görə, Avropa Komissiyası ilk dəfə olaraq Rusiyaya qarşı sanksiya rejimindən yayınmağa kömək edən üçüncü ölkələrin ayrı-ayrı platformaları tərəfindən kriptoxidmətlərin göstərilməsinə tam qadağa mexanizminin tətbiqini təklif edir.