Avropa Liqasının 6 pley-off komandası müəyyənləşib
UEFA Avropa Liqasının əsas mərhələsinin VI turu başa çatıb və pley-offa vəsiqə qazanan ilk 6 komanda müəyyənləşib. “Lion”, “Midyullann”, “Aston Villa”, “Betis”, “Frayburq” və “Ferentsvaroş” artıq ən azı ilk 24-lükdə olmağı təmin ediblər.
"Vaxtından əvvəl ona görə vəsiqə qazanıblar ki, pley-off üçün daha yaxşı nəticələr göstəriblər. Onlar əsas mərhələdə daha çox xal toplayıblar".
Bu sözləri idman şərhçisi Elşən Məmmədov "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, bunun sayəsində onlar vəsiqə qazanıblar:
"Buradakı komandaların hamısı avrokubok təcrübəsi olanlardır. İş vaxtından əvvəl vəsiqə qazanmaqla bitmir. Sən burda, ilk səkkizliyi də təmin etməlisən. Ola bilər ki, növbəti iki turda aşağı pilləyə ensinlər, məğlub olsunlar və bu normaldır. Yəni rəqiblərdən də çox şey asılıdır. Düzdür, ilk səkkiz komanda pley-off'dan azad olacaq, birbaşa ⅛ finalda rəqiblərin gözləyəcəklər. Amma yenə də, bu tempi davam etdirməlidirlər".
Müsahibin sözlərinə görə, onlar çalışmalıdırlar ki, digər rəqiblərlə görüşlərdə də ən yüksək xalları toplasınlar:
"Bununla da ilk 8-likdə olan yerlərini tərk eləməsinlər. Burada "Fənərbaxça" da çıxış edir. Türkiyənin "Fənərbaxça" komandası hazırda 12-ci yerdədir. Ola bilər ki, bu komandalardan hansısa növbəti turlarda "Fənərbaxça" ilə düşsün. Mən təqvimdən tam məlumatlı deyiləm, ancaq hansısa bir komanda "Fənərbaxça" ilə düşsə, onlar üçün bu komanda müqavimət göstərə bilər. Hətta ciddi rəqib ola bilər. Hazırda onlar ilk səkkizlikdədirsə, 24 vəsiqəni təmin ediblərsə, o demək deyil ki, bunlar artıq indiki mövqelərindən aşağı düşəcəklər. Hər şey növbəti, yəni son iki oyunda da həll oluna bilər".
Zəhra Möhübbətova
