00:00:00
Yazar
Nərmin Həşimova
04.11.2026 21:01 28 2 dəq oxuma
İqtisadiyyat

Avropa sənayesi rəqabəti uduzur: İqtisadi böhran daha da dərinləşə bilər

Avropa sənayesi rəqabəti uduzur: İqtisadi böhran daha da dərinləşə bilər

Avropa İttifaqı ölkələrində dərinləşən iqtisadi böhran regionun maliyyə sabitliyini və sosial rifahını təhdid edir. Sənaye istehsalının zəifləməsi və inflyasiya təzyiqlərinin davam etməsi böhranın təsirlərini artıq iqtisadiyyatın bütün sektorlarında birbaşa hiss etdirir.
​

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında iqtisadçı Natiq Cəfərli bildirib ki, Avropa ölkələrində enerji daşıyıcılarının bahalaşması sənayenin rentabelliyini azaldıb:


​"Rusiya-Ukrayna müharibəsindən, hətta Krımın işğalından sonrakı dövrdən başlayaraq Avropa yavaş-yavaş Rusiyanın enerji resurslarından imtina etməyə başladı. Bunu onunla əsaslandırırdılar ki, Rusiya işğalçı dövlətdir və müharibənin maliyyələşməsinin qarşısını almaq üçün onun resurslarından imtina olunmalıdır. Avropa özü sanksiyalar tətbiq etməklə bu qərarı verdi, sonradan isə infrastruktur problemlərinin, o cümlədən 'Şimal axını' kəmərinin sıradan çıxarılmasının şahidi olduq.
​Nəticədə, bu gün 2020–2021-ci illərlə müqayisədə Avropa təbii qazı 4-5 dəfə, nefti isə 2 dəfədən çox baha alır. Neft məhsullarını isə ümumiyyətlə Rusiyadan ala bilmirlər. Sənaye müəssisələrinin fəaliyyəti artıq qeyri-rentabel olub və bu səbəbdən Avropa Çin və ABŞ ilə rəqabətdə uduzur. Çünki Çində və Amerikada təbii qaz və elektrik energiyasının qiyməti Avropadan təxminən 3-4 dəfə ucuzdur. "Yaşıl enerji"yə keçid Avropanın enerji təminatına müəyyən dərəcədə kömək etsə də, bunun fəsadları da var. Yaşıl enerjiyə keçid üçün lazım olan avadanlıqların demək olar ki, 90%-ni Çin istehsal edir. Yəni Avropa yaşıl enerjiyə keçdikcə Çin sənayesini dəstəkləyir və onu böyüdür. Texnologiyalar, günəş panelləri və külək generatorlarının böyük hissəsi Çində istehsal olunur.
​Digər tərəfdən, yaşıl enerji dayanıqlı deyil və hava şəraitindən kəskin asılıdır. İqlim şəraitində böyük dəyişikliklər olduqda, xüsusən də şaxtalı havalarda günəş panelləri sıradan çıxır və çatlayır. Bu sahə perspektivli olsa da, hələ ki tam dayanıqlı deyil.
​Borc məsələsinə gəlincə, Fransada və bir neçə ölkədə dövlət borcu doğrudan da yüksəkdir, lakin hələlik idarəolunan səviyyədədir. Əgər proses bir neçə il də bu templə davam etsə, Fransa və İtaliya da daxil olmaqla, bir çox Avropa ölkəsində ciddi sistem böhranı baş verə bilər."
​

Səkinə Musayeva

#avropa #yeni #baki #böhran #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər