Avropanın prosesdən kənarda qalması vəziyyəti çətinləşdirir
Avropa diplomatiyasının rəhbəri Kaja Kallas bildirib ki, Aİ Rusiyanı sülhə məcbur etmək üçün təzyiqləri davam etdirəcək. Onun sözlərinə görə, Rusiyanın çirkli pulların yuyulması üzrə qara siyahıya salınması bank əməliyyatlarını çətinləşdirəcək. Kallas Rusiyanın mülki obyektlərə hücumlarını hərbi cinayət adlandırıb və Ukraynaya yardımın artırılmasının vacibliyini vurğulayıb. O, həmçinin yeni sanksiyalar paketinin hazırlandığını və Aİ-nin Kremlə danışıqlar üçün müraciət edən tərəf olmayacağını qeyd edib.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Azər Həsrət bildirib ki, Avropa Birliyinin danışıqlarda tərəf olmaması işi daha da çətinləşdirir:
“Əslində Ukraynadakı müharibə faktiki olaraq Avropaya qarşı yönəlmiş müharibədir və bu prosesdən Ukrayna ilə yanaşı, Avropa Birliyinə üzv olan dövlətlər də ciddi əziyyət çəkir. Ən çox zərər görən ölkələrdən biri Polşadır. Eyni zamanda Macarıstan, Rumıniya, Çexiya, Slovakiya kimi dövlətlər də müharibənin mənfi təsirlərini hiss edir. Müharibə Avropanın sərhədlərində gedir və Ukraynanın iqtisadi yükünü məhz Avropa daşımaq məcburiyyətində qalıb. Minlərlə, hətta milyonlarla qaçqın Avropaya üz tutub və onların əsas sosial problemləri avropalıların üzərinə düşüb. Bütün bunlar onu deməyə əsas verir ki, danışıqlarda Avropa Birliyi mütləq tərəf olmalıdır. Lakin görünən odur ki, hələlik Aİ-nin prosesdən kənarda saxlanılmasına meyl var. İstənilən halda, Avropa Birliyi bundan sonra da Ukraynanın yanında olmağa davam edəcək.”
Şərhçi həmçinin qeyd edib ki, Avropa Birliyinin təzyiqlərinin konkret nə vaxt nəticə verəcəyini söyləmək çətindir:
“Bu proses mərhələli şəkildə baş verir. Rusiya 2022-ci il fevralın 24-də müharibəyə başlayanda indikindən qat-qat güclü idi. Bu gün isə biz daxildən zəifləyən Rusiya ilə üz-üzəyik. Rusiya Ukrayna torpaqlarının bir hissəsini işğal etsə də, özü daxili böhran mərhələsinə daxil olub. Dörd il əvvəl haqqında az danışılan milli azadlıq hərəkatları indi daha da güclənib. Tatarıstan, Başqırdıstan, Yakutiya, Çeçenistan, İnquşetiya, Dağıstan və digər respublikalarda anti-Rusiya, anti-Moskva əhval-ruhiyyəsi geniş yayılıb və müstəqillik ideyası güclənməkdədir. Avropa Birliyinin təzyiqləri davam edərsə, bu proses daha da sürətlənə bilər. Ona görə də arzu edərdik ki, Avropa Birliyi ABŞ kimi geri çəkilməsin.”
Ayşən Səlimova
